Qəribədir, biz dünyanın məşhur şərqşünaslarını lap yaxşı tanıyırıq. Söz düşən kimi, onların axtarışlarından, tədqiqatlarından, tərcümələrindən həvəslə danışırıq, amma növbə özümüzə çatanda duruxuruq. Görən, biz niyə şərqşünasları həmişə kənarda, uzaqda axtarırıq? Doğrudanmı, Şərqdə oturub dünyaya gündoğandan danışmaq olmur? Yox, əgər belələri varsa, niyə onların səsi çox uzağa gedib çıxmır? Bəlkə də bu sualları bizim çağdaş alimlər bir-birinə vermirlər, amma oxucular məhz belə soruşurlar… Cavab tələb edən oxuculara kimdən deyək – filologiya elmləri namizədi Məsiağa Məhəmmədidən. O, bu dəfə son illərdə yazdığı elmi məqalələrini və tərcümələrini işıq üzünə çıxarıb. Kitabda müəllif Şərq və Azərbaycan ədəbiyyatının az öyrənilmiş sahələrinə nəzər salıb. O, tarixin qaranlıq, tozlu səhifələrinin arasından tapdığı bir sıra dəyərli faktları, yeni materialları geniş auditoriyaya anlaşıqlı dildə təqdim edir.
XIX əsrin sonu – XX əsrin əvvəllərində dünya, birinci növbədə rus şərqşünaslıq elminin zəngin ənənələri əsasında formalaşan Azərbaycan şərqşünaslğı XX əsrin sonu – XXI əsrin əvvəllərində öz inkişafının yeni mərhələsinə qədəm qoymaqdadır: İkinci dünya müharibəsindən sonra yetişmiş Ziya Bünyadov, Rüstəm Əliyev, Vaqif Aslanov… kimi görkəmli Azərbaycan «sovet şərqşünasları»nın tələbələri keçən əsrin son onilliklərindən başlayaraq öz sələflərinin görmüş olduqları böyük işləri sadəcə davam etdirməklə kifayətlənmir, bir tərəfdən milli müstəqillik düşüncəsinin total ideoloji təsiri ilə Azərbaycan şərqşünaslıq məktəbinin özünəməxsus metodoloji əsaslarını axtarır, digər tərəfdən, dünya şərqşünaslığının peşəkarlıq texnologiyasına yiyələnməyə, çoxspektrli elmi-ideoloji, siyasi maraqları səviyyəsinə qalxmağa çalışırlar.
Son zamanların dünyanı başına götürən anti-ədəbi və psevdo-elmi yazıların içində başını götürüb gizlənmək istədiyin anda elə bil, böyük sufi Rumi demişkən, yatdığın anda üzünə su çilənir (...qalx ayağa və əbədiyyətin badəsini əlinə al/ yerdə qalan mətləbi sənə gizlində eşq deyəcək...), bir az toxtaq olursan. Ancaq... yenə də, bu qədər yazı-pozunun içində əsas olan şey - fərq - yazan adamın özünün özündən fərqi... yoxdu, qəhətə çıxıb, oxumaq istədiyin şeylər su kimi məchul bir ünvana axıb gedir, nə özünü, nə də səni saxlayır. Bir də, elə bil bütün bu anti-ədəbi və psevdo-elmi qaralamaların "mahiyyətinin" təsdiqi kimi, bu qələmçilərin bağladıqları kitablar da balaca bir maşına qoşulan çox uzun qoşquya bənzəyir... Kitabların arxasında, o üz-bu üzündə boya ləkəsi kimi görünən rəylər, dünyanın və məmləkətimizin böyük söz adamlarının bu "zalım tifil" haqqında referansları...bilmirsən, nəyi oxuyasan, qərara gəlirsən ki, kitabı bağlamaq lazımdı. Açılmamış bağlanan kitab metaforası bu günümüzün ədəbi gəzişmələrini səciyyələndirən ən doğru, ən dürüst təyindir. Yaxınlarda bütün bu narahatlığı unutduran, filologiya elmimizin gələcəyinə böyük ümidlər doğuran iki yazı oxudum və bu kiçik yazıda sayğılı "525-ci qəzet"in oxucuları ilə fikirlərimi bölüşmək istərdim. Söhbət dostum, görkəmli şərqşünas-filoloq və tərcüməçi Məsiağa Məhəmmədinin qəzetin keçən şənbə sayında çap edilən "Təbrizdən doğan Günəş" və "Xalq qəzeti"nin 25 oktyabr tarixli sayında yer alan "Mövlana nə deyir?" yazılarından gedir.