Hə, dostum, bir az da Dankodan danışaq... Dankonu xatırlayırsanmı? O, Maksim Qorkinin "İzergil qarının nağılları"ndakı qəhrəmanlardan biridir. Müsibətə düçar olmuş bir dəstə insanı zülmətdən çıxarmaq üçün öz ürəyini məşəl edərək onlara yol açan, onları işıqlı məkana çıxaran Danko... Zülmətdə olarkən yalvarıb da ardıyca getdikləri Dankonu işıqlı məkana çıxan kimi unudan kütlə o qədər sevincək olur ki, hətta onun ürəyini də tapdalayıb söndürdüyünün fərqinə varmır...
Haberması "Almaniyanın ən höcət ziyalısı" adlandırırlar, lakin onun diskussiya ehtirası əksər ziyalıların şəxsi ambisiyalar naminə apardığı mübahisələrin fövqündə durur.
1976-cı ildə Martin Haydegerin ölümü ilə o vaxta qədər adətən bir filosofun simasında təcəssümünü tapan fəlsəfi ənənə müasir Almaniyanın mənəvi həyatını tərk etdi. Haydegerdən əvvəl Karl Yaspers, Teodor Adorno, Maks Horkhaymer və Karl Lövit kimi mütəfəkkirlər fəlsəfi ideyalarla insan həyatının vəhdətinə çalışan ənənəni qoruyur və formalaşdırırdılar. Lakin onların həyatdan getməsi ilə bir şəxsin vücudunda cəmləşən fəlsəfi düşüncə ayrı-ayrı fərdlər arasında bölüşdürülməyə başladı. Universitetlər və araşdırma mərkəzləri fəlsəfi diskussiyalar və mübahisələr meydanına çevrildi. Belə təəssürat yaranırdı ki, fəlsəfə son nəticədə xəlvət bir guşəyə çəkilib və indi xiridarlarını yalnız işləri və araşdırmalarından özləri ləzzət alıb razı qalan, praktik və nəzəri mübadiləyə, ictimai rəyə istinada ehtiyac duymayan intellektuallar arasında tapır. Frankfurt məktəbinin sağ qalmış son nümayəndəsi, Adornonun ən istedadlı və yəqin ki, ən müstəqil şagirdi olan Yurgen Habermas 1969-cu ildə, Yaspers və Adornonun vəfatından az sonra bu problemi anlayıb mövcud şəraiti təhlil edərək, çıxış yolları axtarmağa başladı. Nəticədə o, aşkarlıq şəraitində ziyalıların və intellektualların rolunu müəyyənləşdirən bir nəzəriyyə irəli sürdü.
Hafizin ruhuna ixlas ilə bir fatihə ver, Çərx vur, dövrə gəl, ey bəççeyi-ənqa, ənqa. Tutiyi-baği-cinan, bülbüli-şaxi-Şiraz, Xaceyi-Şəms-ləqəb, şairi-qərra, qərra.
Nəbati
Hafiz yaradıcılığı o qədər çoxcəhətli və çoxplanlıdır ki, ən geniş bir baxış bucağından yanaşdıqda belə, onun sənətinin hansısa aspektlərini nəzərdən qaçırmaq təhlükəsi böyükdür. Odur ki, mən Hafiz haqqında tam dolğun bir söz demək iddiasında olmadan, onun dövrü, şəxsiyyəti və poeziyasına ümumi bir nəzər salmaq niyyətindəyəm. Hafizin dövrü Şərq tarixinin ən qarışıq, ən keşməkeşli mərhələlərindən biri idi. Orta Şərqin, Qafqaz və Mərkəzi Asiyanın xalqları bir fəlakətin - monqol basqınlarının nəticələrini sinirməmiş, başqa bir fatehin - Əmir Teymurun axsaq ayaqlarının altında qaldılar. O qorxunc fatehin ki, Hafiz yaşının ixtiyar çağlarında, ömür günəşinin qüruba endiyi bir zamanda onunla üzbəüz gəlmiş və qarşısında sınmamışdı…
Təbrizdəki "Əxtər" nəşriyyatında görkəmli Azərbaycan şairi Əli Kərimin "Qaytar ana borcunu" adlı şeirlər kitabı işıq üzü görüb. Şeirləri latın qrafikasından ərəb əlifbasına Güneyli yazar Şəhram Qolkar çevirib. Kitabın üz qabığı isə muğanlı gənc rəssam Rəhim Kuhi tərəfindən işlənib.
Sən təhvil alırsan məni qardaş da sanırsan, Minlər yad içində məni görcək də tanırsan, Qəlbimdə, dilimdə nə sözüm varsa, qanırsan, Rüstəm, Bakıdan söylə mənə, can sənə qurban! Təbriz sənə layiq nədi, Tehran sənə qurban!
Şəhriyar
Professor Rüstəm Əliyevi orta məktəbin son sinfində və tələbəliyimin ilk ilində "Azərbaycan" jurnalında və "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunan məqalələrindən tanımışam. O vaxtlar – dahi Nizaminin 840 illiyi ərəfəsində Rüstəm müəllim mətbuatda şairin yaradıcılığına dair silsilə məqalələrlə çıxış edirdi və bu yazılardakı yenilik ruhu, orijinal baxış hələ o zaman diqqətimi cəlb etmişdi. Həmin məqalələrdən üçü – "Nizami poemalarında qıpçaq-oğuz gözəli", "Nizaminin tərcümeyi-halına dair yeni araşdırmalar" və "Yeganə səfər" – xüsusilə yadımda qalıb. Sonralar Rüstəm Əliyev haqqında məlumatlarım Şəmkirdən olan tələbə yoldaşımın öz həmyerlisindən ötrü təbii qürur hissi ilə dolu söhbətləri əsasında genişlənib. Nəhayət, səhv etmirəmsə, 1983-cü ildə canlı Rüstəm Əliyevi görmək mənə nəsib oldu. O zamanlar Nizami poemalarının filoloji tərcümələri ətrafında Rüstəm Əliyevlə mənim müəllimim – professor Mübariz Əlizadənin mübahisələri elmi-ədəbi ictimaiyyətin diqqət mərkəzində idi.
O gün ürəyim dərdlə dolu idi. Mənə elə gəlirdi ki, bu dünyaya gəldiyim gündən dərd içimdə məskən salıb. Mənə elə gəlirdi ki, dərd ölçülərimi böyüdüb və məni nəhəng bir varlığa çevirib. Sonra həmişə olduğu kimi, özümü küçədə gördüm. Evlərin qapıları bağlı idi. Qapıların üstündə böyük və kiçik hərflərlə cürbəcür adlar yazılmışdı. Addımlarımı yavaşıtdım. Birdən hiss etdim ki, hər bir qapının önündə ayaq saxlayıb üstünə yazılmış adı oxuyuram, sonra da onu dodaqaltı təkrarlayıram. Mənə elə gəldi ki, adlar beynimdə sıraya düzülüb. Mənə elə gəldi ki, beynimdə bu adlardan uzun bir siyahı düzəlib. Mənə elə gəldi ki, beynim özü bir siyahıya çevrilib – adlardan ibarət bir siyahıya…