İş elə gətirib ki, mənim Şirməmməd Nəzərlinin yaradıcılığı ilə tanışlığım "Günah" povestindən başlayıb. Təqribən bir il öncə həmin povestin birinci hissəsini oxuyub üzünü görmədiyim müəllifin təhkiyə tərzini, təsvir üsulunu, süjetin cəlbediciliyini təmin etmək bacarığını bəyənmişəm. Sonra yazıçının özünü tanımışam, bir çox əsərlərinin – hekayələrinin, publisistik məqalələrinin ilk oxucularından olmuşam. Və onun özünəməxsus duyum və deyim tərzinə, incə müşahidə qabiliyyətinə, təəssüratlarını dəqiqliklə əyaniləşdirmək istedadına malik bir nasir olduğunu qət etmişəm. Bu qənaətim onun "Sabah" nəşriyyatı tərəfindən buraxılmış "Qismət" adlı kitabı ilə təsdiq olunub. Bir müddət öncə Şirməmməd zəng edib "Günah"ın ikinci hissəsini yazdığını və oxumaq üçün mənə vermək istədiyini bildirəndə, düzü, müəyyən narahatlıq keçirdim. Səbəbini bilirdim: adətən, yazıçılar uğurlu alınmış əsərlərinə oxucu marağının təsiri altında onun davamını yazmağa şirnikir və necə deyərlər, hər şeyi korlayırlar.
Müasir dünyanın, o cümlədən Qərb cəmiyyətinin inkişafındakı ziddiyyətli meyllər Frankfurt məktəbinin Teodor Adorno, Herbert Markuze, Maks Horkhaymer və s. kimi nümayəndələrinin tarixin mahiyyətinə dair baxışlarına ciddi təsir göstərmişdir. "Tarixə qarşı qiyam", insanın getdikcə daha çox əsarətə alınmasına aparan bir proses kimi tarixin inkarı onların əsərlərinin fərqləndirici cəhətini təşkil edir. Bu əsərlər 1960-cı illərdə "yeni solçular" adlanan gənclər hərəkatı nümayəndələrinin dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır, bu gün də Qərbdə yeni yaranan fəlsəfi təlimlərə və kütləvi şüura müəyyən təsir göstərməkdə davam edir. Həm kapitalizmi, həm də sosializmi qəbul etməyən Frankfurt məktəbi nümayəndələri tarixi son dərəcə pessimist, "tərəqqiyə zidd" bir şəkildə mənalandırır və tarixin "dəf olunması", insanın öz mövcudluğunun ilkin təbii əsaslarına qayıdışı ideyasını irəli sürürlər. Belə bir dəyərləndirmədə isə tarixin yeganə "dərsi" bəşəriyyətin ictimai inkişafının tam mənasızlığı olur.
1950-ci illərdən etibarən Fələstin poeziyasında geniş şaxələnmə prosesi başlandı. Fələstin şairlərinin bir qrupu ölkə ərazisinin işğalı nəticəsində əhalinin xeyli hissəsi kimi qonşu məmləkətlərə səpələndi, başqa bir qrupu isə yadların ağalığı şəraitində yaşamaqda davam etdi. Elə bu faktın özü poeziyada iki pafos doğurdu, yəni ölkənin daxilində və xaricində olan şairlərin əsərlərində keyfiyyət fərqləri müşahidə olunmağa başladı. Daxildə yaşayan şairlər bir tərəfdən assimilyasiya siyasətinə müqavimət göstərib xalqın özünəməxsus ənənələrini, maddi və mənəvi dəyərlərini qorumaq, digər tərəfdən isə əhalidə mübarizlik ruhunu gücləndirmək istiqamətində çalışırdılar. Lakin az sonra – geniş müqavimət hərəkatı başlandıqda, Fələstin şeirinə də yeni nəfəs gəldi və bu dövrdən etibarən ölkənin daxilində və xaricində yaranan poeziya bir çayın iki sahili kimi ümumi bir yön kəsb etdi. Artıq poeziya xatirələrlə, əzablı düşüncələrlə, tənhalıq və kimsəsizlik motivləri ilə, qaçqın düşərgələrindəki həyatın təsviri ilə məhdudlaşmırdı.
Çətin ki, insanlar Allah üçün bir iş görələr, Qurana qızıl naxışlarına görə təzim edirlər. Kəbənin üstündəki ipək örtüyü, Bütxanaya örtsən, ona etiqad edərlər. Qarğanın boğazına heyifsilənmədən şəkər tökürlər, Humay quşundan isə sümüyü əsirgəyirlər. Əjdəha kimi xəzinə üstündə yatıblar, Amma yarım qran üstündə dilənçi ilə dava edirlər.
… Səhər yuxudan oyananda heç yeri ağrımırdısa, elə bilirdi ruhu bədənini tərk eləyib… Amma axır vaxtlar gözlərini ağrısız-filansız açmağı yadına gəlmirdi, deməli, qorxmağa dəyməzdi, ağrıyırdısa, üzü bəriydi… Son zamanlar düşünürdü ki, oturub gözləməyinə dəyməzmiş, bu dünyadan canısulu getmək məsləhətmiş!.. Elə oğlunun ölüm xəbərini eşidəndə canını tapşırmalıydı, doğrudan-doğruya ürəyinin sancısından nəfəsi kəsilirdi, sinəsinin yanğısı kürəyinə vururdu, ancaq o yanğı, o boğulma eşitdiyi xəbərin içində yaratdığı alovun yanında öləzik bir qığılcımdı. Yəqin elə buna görə dözdü, qayıtdı geri… Atəşkəsdən sonra fikirləşirdi ki, dava yorğan davasıymış, bu müharibə, qan-qada oğlumun başında çatlamaq üçünmüş. Bəlkə də peşmançılığa dəyməzdi, oğlu könüllü getmişdi cəbhəyə. Döyüşən ya şəhid, ya qazi olmalıydı. Oğlunun bəxtinə şəhidlik düşmüşdü…
«Qələm əhli gərək heç vaxt məsuliyyət hissini itirməsin, vicdanının, qəlbinin əksinə getməsin, yalan yazmasın. İnsan özü qalmır, amma yaratdığı qalır. Yaxşısı da, pisi də... Gərək elə əməl sahibi olasan, elə əsər qoyub gedəsən ki, sağlığında özün, qohum-əqrəban, dostun-tanışın, öləndən sonra isə nəslin xəcalət çəkməsin!..»
Görkəmli yazıçımız Əlibala Hacızadənin «Təyyarə kölgəsi» romanının qəhrəmanı Nadirənin gündəliyindəki bu sözlər, şübhəsiz, müəllifin öz sözləridir, onun ədəbi mövqeyini, estetik kredosunu əks etdirir. Və bir müddət əvvəl əsərlərinin oncildliyinin ilk cildlərini vərəqləyərkən bu sözlərə rast gələndə, istər-istəməz düşündüm: Əlibala müəllim yarım əsrlik sənət yolunda yaradıcılığının erkən çağlarında bədii obrazın dili ilə irəli sürdüyü bu prinsiplərə sadiq qalmağı bacarıb, yalnız ürəyinin hökmü, qəlbinin «sifarişi» ilə yazıb, qələm və xalq qarşısında məsuliyyətini bir an da unutmayıb və indi, yaşının ixtiyar vaxtında, yetmişi haqladığı bir zamanda ona tükənməz sevgi bəsləyən milyonlarla oxucusunun qarşısında alnı açıq, üzü ağdır, əlli il bundan qabaq tam fərqli ictimai münasibətlərin, ədəbi meyarların hökm sürdüyü bir şəraitdə yazdığı əsərləri nöqtəsinə belə toxunmadan, «xəcalət çəkmədən» təzədən çap etdirə bilir. Bu isə bədii yaradıcılıqda istedadla şəxsiyyətin vəhdətinin zəruriliyi məsələsini bir daha təsdiq edir. Əlibala müəllimin yaradıcılığı ilə şəxsiyyəti arasında qəribə bir uyğunluq var, onun əsərləri özünə yaman oxşayır – belə bir harmoniyaya nail olmaq isə hər sənətkara nəsib olan xoşbəxtlik deyil. Odur ki, onun yaradıcılığından danışmaq elə özündən danışmaq deməkdir.
Belə nəql edirlər ki, imperator sizə – tənha bir adama, özünün ən aşağı mövqeli təbəəsinə, ən uzaq məsafədən imperiya günəşinin qarşısında ikiqat əyilmiş cılız kölgəyə sifariş göndərmişdir; imperator ölüm yatağında şəxsən sizə sifariş göndərmişdir. O, elçiyə əmr etdi ki, yatağının kənarında diz çöksün. Sonra sifarişi çox əhəmiyyətli saydığı üçün elçiyə göstəriş verdi ki, ağzını onun qulağına yaxınlaşdırıb dediklərini təkrar eləsin. Sonra başı ilə təsdiqlədi ki, sifarişi düzgün təkrar olunub. Bəli, onun ölümünün şahidi olmaq üçün toplaşan – arakəsmələr götürülmüşdü və imperiyanın bütün görkəmli şəxsiyyətləri hündür, geniş pilləkənin başında dövrə vurmuşdular – əyanların qarşısında imperator elçiyə getmək əmri verdi.