Reklam verin!

۞ C A H A N ۞

MƏNDƏ SIĞAR İKİ CAHAN...

Bloq Haqqında

 

Mesiha

  • Məsiağa Məhəmmədinin bloqu

Sayğac

    • İndi blogda: 18
    • Keçən ayın hiti: 9167
    • Dünənki hit: 314
    • Bugünkü hit: 145
    • Ümumi hit: 63246
    • Free Page Rank Tool

Müxtəlif

  • baxış
    1040

    Mixail Petrov. ELM VƏ TEXNOLOGİYA

    Yazar: Mesiha Tarix: Mart 18, 2008 17:28

    Mixail Konstantinoviç Petrov (1924-1987) – görkəmli rus alimi, filosof, tarixçi, elm nəzəriyyəçisi və kulturoloq. Rəsmi ideoloji ehkamlarla bir araya sığmayan baxışlarına görə sovet sisteminin bütün təqib və təzyiqlərini görmüş elm fədaisi! Hələ SSRİ EA Fəlsəfə İnstitutunun aspiranturasında oxuyarkən, elmi rəhbəri ilə razılaşmadığı üçün dissertasiya müdafiəsindən imtina etmiş, az sonra «İmtahan baş tutmadı» adlı fəlsəfi povestini çap etdirmişdi. «Antipartiya məzmunlu» bu povestə görə o, kommunist partiyasından və işlədiyi Rostov Dövlət Universitetindən qovulmuşdu. Elmi təşkilatlar, nəşriyyat və jurnallar M.K.Petrovun üzünə bağlanmışdı. Bütün təzyiqlərə baxmayaraq, o, keçmiş SSRİ-də elmşünaslığa dair ilk dissertasiya müdafiə etmiş («Elm haqqında elmin fəlsəfi problemləri»), C.Oruellin «1984» roman-antiutopiyasını ruscaya çevirib çap etdirmişdi. İşlədiyi Şimali Qafqaz Elmi mərkəzində isə onu baş elmi işçi vəzifəsindən elmi işçi, sonra isə mühəndis vəzifəsinə keçirmişdilər. M.K.Petrovu elmi mühitdən tam təcrid etsələr də, elmi yaradıcılıqdan ayıra bilməmişdilər. O, özündən sonra 12 min səhifəlik (!) əlyazma – çoxsaylı kitab və məqalələr qoyub getmişdir. Budur, onlardan bir neçəsinin adı: «İnsan və elm» (1965), «Hegel və qnoseologiyanın müasir böhranı» (1973), «İdrakın sosiologiyası və fəlsəfənin başlanğıcı» (1975), «Mədəniyyət tipləri və insanın təbiətə münasibəti» (1978), «Cəmiyyətin elmiləşməsi problemləri (1985) və s. M.K.Petrovun şəxsiyyəti və yaradıcılığının Azərbaycan elmi-mədəni mühitinə və oxucularına tanış olmadığını nəzərə alıb onun ölümündən sonra nəşr edilmiş "Dil, işarə, mədəniyyət" adlı kitabından bir parçanı dilimizə çevirməyi lazım bildim.

    petrov

    "Həqiqəti dəlicəsinə sevənləri nadir hallarda sağ ikən dəyərləndiriblər, çox zaman onların qəbirlərini əklillərlə bəzəyiblər. Kamü o qədər də uzaq olmayan keçmişdə yazırdı: "Ontoloji sübut üçün həyatını verən bir kəs tanımıram. Tam elmi həqiqətə malik olan Qaliley, həqiqət həyatı üçün təhlükə doğuran kimi özünü çox asanlıqla satdı. Müəyyən mənada o, düzgün hərəkət etdi". Pis mənada. Həqiqətin yağ kimi üzə çıxacağına, "özü özünü göstərəcəyinə" ümid edən Qaliley hardasa geri çəkilə, özünə xəyanət edə bilərdi. Amma öz qəhrəmanını "iki vur iki= dörd"- dən imtinaya vadar edən Kamü, eləcə də Oruell, avropalılar barədə tamamilə haqsız fikirlər söyləyir. Əgər hamı həqiqət məsələsində belə güzəştcil olsaydı, indi biz Şərq sivilizasiyalarının künc-bucağını dolaşıb gah kompas, gah kağız, gah da başqa bir nadir şey axtarırdıq. Biz öz sələflərimiz içərisində həqiqətdən imtina edənlərə yox, axıra qədər gedənlərə borcluyuq".

    Davamı...

    Şərhlər(0) Tərcümələr

     

  • baxış
    83

    Pərviz Hüseyni. YOL

    Yazar: Mesiha Tarix: Mart 16, 2008 14:22

    (hekayə)

    Səhərin alatoranında yolun başlanğıcına yetişdi. Bu yolun sonda onu hara aparacağını bilmirdi. Yol çılpaq idi, kənarlarını duman bürümüşdü. O, islanmış və soyuqdan donmuş halda duman topalarından keçib Günəşli yola çıxmış atlılar barədə düşünürdü. İstəyirdi ki, kimsə gəlib onu özü ilə aparsın.
    Yolun iki tərəfi ağaclıq idi, küləklərlə təkbətək qalmış naməlum otlar ümidsizlik qoxusunu və səhərin soyuğunu dadırdılar. Təbiətin xəlvət guşəsindən başqa heç kəs yox idi, amma qəribə səslər eşidilirdi ki, onların da haradan çıxdığını ayırd etmək olmurdu. Görünür, bu səslər təxəyyülün məhsulundan başqa bir şey deyildi. Hər nə idisə, onun canına qorxu salırdı. Yoldan acı qürbət iyi gəlirdi. Oğrun-oğrun irəliləyirdi. Hava soyuyur və tənhalığı daha da ağırlaşdırırdı. Sanki hər şeyin üzərinə qurğuşun və kül səpilmişdi. 

    yol 

    Davamı...

    Şərhlər(0) Tərcümələr

     

  • baxış
    89

    ÇİNAR ÖMRÜ

    Yazar: Mesiha Tarix: Mart 16, 2008 14:16

    Qədir İsmayılın əziz xatirəsinə

    Amansız ölüm tanınmış türkoloq-alim, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, türk ədəbiyyatının əvəzsiz tədqiqatçısı və təbliğatçısı İsmayılov Qədir Səlim oğlunu - Qədir İsmayılı bizlərdən ayırdı. Ağır itkidir. Bunu uzun illər onunla çiyin-çiyinə çalışan həmkarları hamıdan artıq duyurlar və hələ də Qədir müəllimin yoxluğuna inana bilmirlər. Bunu türk ədəbiyyatı ilə, Türkiyə-Azərbaycan ədəbi əlaqələri ilə az-çox maraqlananlar yaxşı anlayırlar, çünki bu sahədə Qədir İsmayıl qədər fəaliyyət göstərən ikinci bir şəxsin olmadığından agahdırlar.
    Q.İsmayıl elmi-ədəbi fəaliyyətinə ötən əsrin 50-ci illərində, özü də müasir Azərbaycan ədəbi prosesinə həsr olunmuş yazılarla başlamışdı. Bu sahədə ilk addımları uğurlu olmuş, İlyas Əfəndiyevin yaradıcılığına həsr etdiyi "Konfliktlər, obrazlar, dil" adlı geniş məqaləsilə ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdi. Lakin özünün etirafına görə, böyük türk şairi Nazim Hikmətin şəxsiyyəti və sənəti onun nəzərlərini qardaş Türkiyənin ədəbiyyatına yönəltmiş və elmi-ədəbi maraq dairəsini birdəfəlik müəyyənləşdirmişdi.

    qedir 

    Davamı...

    Şərhlər(0) Şəxsiyyətlər

     

  • baxış
    86

    Yaşar Kamal. QƏHRƏMAN YAZIÇILAR ÇAĞI

    Yazar: Mesiha Tarix: Mart 16, 2008 14:10

    "Yoxsulluğu, haqsızlığı söyləmək, söyləyə bilmək artıq qəhrəmanlıq olmaqdan çıxmalı və bunlar yazıçıların birinci vəzifəsi olmalıdır. Bir yazıçının bərabərliyi müdafiə etməsi, əzənlərə, istismarçılara qarşı çıxması dövrümüzdə adi bir haldır. Bunu vəzifə olaraq qəbul etməyəni kimsə insanlıq və vətəndaşlıq borcunu yerinə yetirən yazıçı saymır. Bizdə də belə olmalı deyilmi? Amma hanı?!"

    y_kamal 

    Biz nə deyirik? Bərabərlik olsun, insan insanı qul etməsin, insan azad olsun – deyirik. Dövrümüzdə yaşayan bir yazar üçün bundan təbii bir istək, bundan yaxşı niyyət, bundan gözəl arzu olarmı?! Dünyanın bütün vicdanlı yazıçıları bunu istəyir. Heç kim də onlara "nə edirsiniz?", "gözünüz üstündə qaşınız var" demir. Bu dediklərimi vicdanlı yazarlar yüz, yüz əlli ildən bəri tələb edirlər. Yazıçılar xalqların danışan dilidir. Və onlar çox zaman üzərlərinə götürdükləri bu məsuliyyətin öhdəsindən böyük səylərlə gəlmişlər, gəlirlər.

    Davamı...

    Şərhlər(0) Başqa müəlliflərdən

     

  • baxış
    96

    SALAM, EY MƏSUM GECƏ!

    Yazar: Mesiha Tarix: Mart 16, 2008 7:34

    Foruğ Fərruxzadın poeziyası haqqında qeydlər 

    1960-cı illər yeni fars şeirinin kamilləşmə dövrüdür və onun məruz qaldığı differensiasiya prosesi də bu təkamülə dəlalət edir. Həmin differensiasiyanın ən parlaq göstəricisi «şer-e nou» ("yeni şeir") daxilində ifrat təmayülün meydana gəlməsi, eksperiment xatirinə eksperiment aparan şairlər qrupunun formalaşıb güclənməsi sayıla bilər. Lakin bu meyl nə qədər güclənsə də (xüsusən 60-cı illərin ikinci yarısında), ədəbi atmosferin həlledici amilinə çevrilə bilmədi. Yeni poeziyanın təməl daşlarını qoymuş və artıq yaradıcılıqlarının yetkinlik çağlarına daxil olmuş şairlər əsərlərini yeniliyin labüd müşayiətçisi olan qüsurlardan təmizləyir, məzmun və forma sahəsindəki axtarışlarını dərinləşdirirdilər. Bu axtarışların istiqamətini və başlıca parametrlərini müəyyənləşdirmək, ümumiyyətlə, poeziyanın təkamülünün təbiətini anlamaq baxımından Foruğ Fərruxzadın «Təvəllodi digər» («İkinci doğuluş») adlı şeirlər məcmuəsini dərindən araşdırmaq son dərəcə əhəmiyyətlidir. Çünki bu kitab təkcə F.Fərruxzadın fərdi yaradıcılığının inkişaf faktı kimi qiymətləndirilə bilməz, hərçənd bu nöqteyi-nəzərdən də əsər müəyyən mənada yeni hadisə idi. Bu cəhəti Rza Bərahəni bir qədər mübaliğəli şəkildə olsa da, düzgün qeyd etmişdir: «İkinci doğuluş» şairin ömür yolunun ortasında nəşr edilmişdir. O, ikinci yox, ilkin doğuluşdur».1

    forugh 

    Davamı...

    Şərhlər(0) Tədqiqlər

     

  • baxış
    102

    «TARİX OPTİMİZMƏ ZƏMANƏT VERMİR»

    Yazar: Mesiha Tarix: Mart 9, 2008 4:43

             "Dili inkişaf etdirmək böyük bir ictimai funksiyadır"

              MEKSİKA YAZIÇISI KARLOS FUENTES İLƏ MÜSAHİBƏ

    -Şimali Amerika mədəniyyətinə daimi marağınız haqqında danışa bilərsinizmi? Şimalla Cənub arasında əlaqə hansı səviyyədədir?
    - Mənə elə gəlir ki, bu gün Şimali Amerika ilə Latın Amerikası arasında ədəbi əlaqələr mənim üşaqlıq çağlarımda olduğundan qat-qat güclüdür. Mən özüm əlahiddə bir faktam, çünki ABŞ-da böyümüşəm. Mən nəinki Şimali Amerika ədəbiyyatına, bütövlükdə onun xalq mədəniyyətinə çox yaxın olmuşam. Məsələn, kino, radio (o vaxtlar hələ televiziya yox idi) və caz musiqisi mənə çox təsir göstərib. Sonralar, gənclik illərində aşkar etdim ki, bu təsirlər yalnız mənimlə məhdudlaşmayıb. Kinonun fövqəladə təsirini Manuel Punqun, Kabrera İnfantenin və Salvador Elisondonun yaradıcıdığında görmək mümkündür, caz musiqisinin təsirini isə Kortasarda. Bildiyimə görə, ABŞ-dan başqalarına nisbətən az təsirlənən yazıçı Alexo Karpatye olub. Borxesə də ingilis-amerikan mədəniyyətinin təsiri böyükdür, hərçənd çox məhdud bir mənada. Borxes daim özünün Çestertona, Kiplinqə və Stivensona sevgisindən danışardı.

    fuentes 

    Davamı...

    Şərhlər(1) Müsahibələr

     

  • baxış
    96

    ÖLÜM, SƏNƏT VƏ HƏYAT

    Yazar: Mesiha Tarix: Mart 9, 2008 4:23

                             yaxud

    TƏNƏZZÜLÜN TƏSVİRÇİSİ VƏ TƏHLİLÇİSİ

    Məşhur alman yazıçısı və tənqidçisi Tomas Mann 1875-ci ildə Almaniyanın şimalında yerləşən Lübek şəhərində doğulmuş və 1955-ci ildə Sürixdə vəfat etmişdir. Onun atası taxıl ticarəti ilə məşğul olurdu və sonralar Lübek şəhərinin senatoru məqamına da yüksələ bilmişdi. Odur ki, T.Mannın uşaqlığı tam firavan bir şəraitdə keçmişdir. Orta təhsilini bitirdikdən sonra o, sığorta şirkətində işə düzəlmiş və elə həmin dövrdə bədii yaradıcılığa başlayaraq, "Atılmışlar" adlı ilk əsərini qələmə almışdır. Mann çoxsaylı səfərlərdə və səyahətlərdə olmuş, eyni zamanda roman və hekayələr yazmaqda davam etmişdir. 1929-cu ildə o, ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülmüşdür. Hitlerin hakimiyyətə gəlişi və Çexoslovakiyanın işğalından sonra Mann faciəvi sonluğu duyub öz həmvətənlərindəki militarist əhval-ruhiyyəyə etiraz əlaməti olaraq, Almaniyanı tərk etmiş və həyatının qalan hissəsini Amerikada və İsveçrədə keçirmiş, bir daha Almaniyaya qayıtmamışdır. Almanlar bunu ona bağışlamadılar, çünki üstəlik Mann ömrünün sonuna qədər öz xalqını və ölkəsini amansızcasına tənqid edirdi.

    tomas_mann 

    Davamı...

    Şərhlər(0) Şəxsiyyətlər

     

  • baxış
    108

    YUSİF QARABAĞİNİN «YEDDİ BAĞ»I

    Yazar: Mesiha Tarix: Mart 7, 2008 8:02

    Bizim ilahi məqam və səviyyələrdən tam xəbərimiz və bitkin təsəvvürümüz, hətta ümumiyyətlə bilgimiz və anlayışımız olmadığı üçün uşaqlar kimi bu torpaqda oynamaqla məşğuluq, ruzgar da bizə müraciət edərək, şeyxlər şeyxi Nizami Gəncəvinin dili ilə: "Ey ürək, nə vaxtadək bu məcazi sarayda / Uşaqlar kimi torpaqla oynayacaqsan?!" - söyləyir.

     
    Yusif Qarabaği


    Son orta əsrlərdə farsdilli poeziyanın inkişaf xüsusiyyətləri, o cümlədən, böyük Azərbaycan şairi Saib Təbrizinin (1601-1677) yaradıcılığı ilə bağlı elmi axtarışlarım zamanı mənbələr və tədqiqatlarla tanış olarkən, ara-sıra Yusif Qarabaği adına rast gəlirdim. İlkin təəssüratıma görə öz dövrünün fəlsəfi fikrinə mühüm təsiri olan, lakin bu gün hətta elmi dairələrdə belə kifayət dərəcədə tanınmayan filosofun şəxsiyyətinə marağım getdikcə artırdı. Bu, bir yandan öyrəndiyim dövrün poeziyasının özünəməxsus fəlsəfi əsasa malik olması və həmin məsələnin həllinin zəruriliyi kimi sırf elmi vəzifə ilə şərtlənirdisə, digər tərəfdən filosofun «Qarabaği» nisbəsi ilə əlaqədar idi – o vaxtlar Qarabağda erməni separatçılarının fəaliyyəti güclənmiş, müharibə tonqalı alovlanmağa başlanmışdı. Mənbə və tədqiqatlarda mövcud olan məlumat və mülahizələr məni qane etmirdi və Yusif Qarabağinin əsərləri ilə bilavasitə tanışlığa güclü ehtiyac duyurdum. Elə həmin vaxt M.Y.Saltıkov-Şedrin adına Leninqrad (indi Sankt-Peterburq) dövlət kütləvi kitabxanasının fars və tacik əlyazmalarının tam kataloqu nəşr olundu.1 Kataloqa əsasən bu kitabxanada Yusif Qarabağinin farsca «Həft cinan» («Yeddi bağ») adlı risaləsinin saxlandığını öyrəndim və çox keçmədən həmin risalənin mikrofilmini əldə edə bildim. Əlyazma ilə tanışlıq gözlədiklərimi doğrultdu: həcmcə kiçik bir əsərdə alimin insan haqqında mükəmməl və sistemli konsepsiyası öz əksini tapmışdı. Bu konsepsiya Şərq-islam mədəniyyətinin minillik ənənəsinə əsaslanır və bir növ onun yekunu təsiri bağışlayır.

    elyazma 

    Davamı...

    Şərhlər(0) Tədqiqlər

     

Qabaqkı yazılar

 

Açar sözlər

 

Tema dəstəyi

 


My BlogCatalog BlogRank

Poetry Blogs - Blog Catalog Blog Directory

View blog authority
Add to Technorati Favorites

AddThis Feed Button