İbn Rüşdün (1126-1198) adı azadfikirliliyin və rasionalizmin, sufizmin bütün formalarının inkarının, müqəddəs kitablara kor-koranə inamın rədd edilməsinin simvoluna çevrilmişdir. Bu Kordovalı filosofun nüfuz və şöhrəti bir tərəfdən onun öz əsərləri ilə, digər tərəfdən onun avropalı davamçılarının yaradıcılığı ilə, üçüncü tərəfdən isə əleyhdarlarının ona etdiyi kəskin və aramsız hücumlar ilə şərtlənmişdir. Onun əleyhdarları o qədər uzağa getmişdilər ki, İbn Rüşdün «üç peyğəmbər» nəzəriyyəsinin müəllifi olması fikrini ortaya atmışdılar və bu da qızğın mübahisələr predmetinə çevrilmişdi. İbn Rüşd daha çox fərdin ruhunun fani, insan ağlının isə əbədi olması ideyasına görə hücumlara məruz qalmışdı. Bu ideya Duns-Skotun, Dantenin, Herderin, Kantın, insanın rasional və etik inkişafının vəhdəti təliminin tərəfdarı olan digər müəlliflərin əsərlərindən bizə tanışdır.
Azərbaycan ədəbiyyatı tarixinin elmi şəkildə öyrənilməsinin Firudin bəy Köçərlidən üzü bəri zəngin bir ənənəsi formalaşmışdır. Həmin ənənə istər araşdırmaların təməl daşını təşkil edən mətnşünaslıq çalışmalarını, istərsə də nəzəri və tipoloji tədqiqatları ehtiva edir. Bunula belə orta əsrlər ədəbiyyatımızın tarixində «ağ ləkə»lər, qaranlıq səhifələr də az deyil. Xüsusən anadilli şerimizin Nəsimi, Füzuli, Vaqif kimi zirvələri təbii olaraq əsas diqqəti özünə cəlb etdiyindən, onların «ətrafında» yazıb-yaratmış və əsrlər keçdikcə unudularaq əsərləri dünyanın müxtəlif kitabxanaları və əlyazma saxlanclarına səpələnmiş şairlərin bədii irsi əksər hallarda tədqiqatçı marağından kənarda qalmışdır. Hərçənd özlüyündə aydındır ki, bu «zirvə»lərə gedən yol məhz unudulmuş «vadi»lərdən keçir və «zirvə»lərin arxasında heç də «uçurum»lar dayanmır, başqa sözlə, yalnız həmin bədii irsi öyrənməklə, orta əsrlər anadilli poeziyamızın gəlişməsini bir proses kimi qavramaq və təsəvvür etmək mümkündür. Nə yaxşı ki, bu həqiqəti anlayan və sözü gedən boşluqları aradan qaldırmaq sahəsində ağır zəhmətə qatlaşan tədqiqatçılar var. Bunlardan biri də Almaniyada yaşayan cənublu soydaşımız Məhəmmədəli Hüseynidir. Onun «Ədəbiyyat tariximizdən səhifələr» adlı kitabı klassik anadilli şerimizin tarixindəki oxunmamış səhifələrə nəzər salmaq istiqamətində atılmış uğurlu bir addım kimi dəyərləndirilə bilər.
Əgər idrak qapıları təmizlənərsə, hər şey bizim gözümüzə olduğu kimi, yəni hüdudsuz görünər. Uilyam Bleyk
Qərb sürrealizmi ilə Şərq sufizmi arasında bir çox oxşarlıqlar var. Birincisi odur ki, hər ikisi bir növ mütləq subyektivizmə can atır. Hər ikisi qeyri-fiziki kamillikdə, əllə toxunulması mümkün olmayan mənəvi və ruhani ucalıqda qərq olmağa çalışır. Sufi «kəsrət» («çoxluq») dünyasındakı simvollar, əlamətlər və işarələr vasitəsilə onun əsl mənbəyinə, yəni «vəhdət» («vahidlik») aləminə yol tapır. Atdığı hər bir addımda sufi əşyaları, obrazları və simvolları vasitəyə çevirir ki, özünü «mən»sizliyə qovuşdursun. Sufinin bir məqamdan digərinə varması, son nəticədə özünü Allahda və ya vəhdət aləmində «həll etməsi» və Allahın böyük obrazına oxşar kimlik qazanması bir növ potensial haldan aktual hala keçmiş şeirdir.1 O mənada ki, hər hansı bir şeirdə də əvvəlcə mistik «yol»un ilkin məqamına uyğun gələn bir obraz meydana çıxır, sonra onun əsasında və onu təkmilləşdirib dolğunlaşdırmaq üçün başqa bir obraz yaradılır, daha sonra bu obrazların üzərində digər obrazlar qurulur – eynən irfanın müxtəlif mərtəbələri, nərdivanın pillələri və ya ən dəqiqi, hindlilərin müqəddəs məbədlərinin zahiri forması kimi – beləcə şeir öz zirvəsinə çatır və bitir.
"Nə siyasi hakimiyyət, nə pul, nə də qadın sözə olan sevgini əvəz edə bilməz"
Livan şairi Məhəmməd Əli Şəmsəddin ilə müsahibə
Məhəmməd Əli Şəmsəddin müasir ərəb ədəbiyyatının dünya miqyaslı simalarından biridir. O, ərəb şairlərinin üçüncü nəslinə, yəni 1970-ci illər nəslinə mənsubdur. Həmin illərdə Livanın cənübünda bir qrup şair ədəbiyyata gəlmiş və sonralar "Cənub şairləri" adı ilə məşhurlaşmışdır. Şəmsəddin onlar içərisində ədəbi cəsarəti, şeirlərinin bədii tutumu, mürəkkəbliyi və narahatlığı ilə seçilir. Onun poeziyası mifoloji obrazlar və simvollarla doludur. Şəmsəddin yeddi şeir toplusunun, üç nəsr kitabının və uşaqlar üçün yazılmış iki kitabın müəllifidir.
- Lütfən, özünüz barədə danışın. - Doğrusu, öz əhvalımı dilə gətirmək mənim üçün çətindir. Qısaca onu deyə bilərəm ki, yazdığım şeirlər elə mən özüməm. - Bəllidir ki, siz yeddi şer kitabının müəllifisiniz… - Elədir. Özü də yeddi rəqəmi mənim üçün xüsusi caziyəbə malikdir və onu şeirlərimdə tez-tez işlədirəm. Məncə, o, rəqəmlərin ən sirlisidir. Bu sirrin kökləri mifologiyaya və dinə gedib çıxır, hətta Quranda da bu rəqəm həmin keyfiyyətdə işlənmişdir…
Böyük Britaniya krallığının vəliəhdi, Şahzadə Çarlzın Londonda keçirilmiş seminarda etdiyi çıxışın mətni:
Xanımlar və cənablar! Sizin burada iştirakınızdan olduqca məmnunam. Xeyli müddət idi ki, müqəddəslik duyğusu və onun Qərbdə və islam dünyasında idrak problemi ilə əlaqəsinə dair belə bir seminarın keçirilməsi ideyası məni bərk məşğul edirdi. Məncə, bu, heç də problemin qəti həllinə nail olmaq cəhdi, yaxud bəzilərinin düşündüyü kimi, mürəkkəb bir məsələyə baxmağın sadə və rahat yolu deyildir. Əlbəttə, mən bu həqiqəti də anlayıram ki, mənim həmin mövzu ətrafında əvvəlki (hətta bu məsələdən tamamilə xəbərsiz şəxslərlə, yaxud transmilli iqtisadiyyatın nümayəndələri olan iş adamları ilə) söhbətlərim də orkestrdə böyük bir təbilin yersiz səslənməsi kimi hamının diqqətini özünə cəlb etmişdir. Mən bu fikirdəyəm ki, bizim hər birimizdə həmin müqəddəslik duyğusunun azacıq (zəif) da olsa, işartısı mövcuddur. Lakin bizim əksəriyyətimiz məsxərəyə qoyulmaqdan və ya sui-istifadəyə məruz qalmaqdan qorxub bunu boynumuza almırıq. Həmin məsxərəyə qoyulmaq qorxusu hətta Tanrının adını dilə gətirməkdən çəkinmək həddinə qədər gedib çıxır ki, bu da Qərb sivilizasiyasında məqsəd çatışmazlığının bariz bir nişanəsidir.
XVI əsrin sonlarından XVIII əsrin ikinci yarısına qədər bütün farsdilli poeziyada hakim olmuş, həmçinin türk və urdu ədəbiyyatlarına da nüfuz etmiş «Hind üslubu»nun ən parlaq nümayəndələrindən olan Kəlim Kaşaninin ədəbi irsi indiyədək lazımi səviyyədə tədqiq edilməmişdir. Halbuki, Kəlim poeziyasını dərindən öyrənməklə, farsdilli ədəbiyyat tarixinin ən mübahisəli və həllini tapmamış problemlərindən biri olan «Hind üslubu»nun tipoloji mahiyyəti, ədəbi-tarixi yeri, konkret xüsusiyyətləri ilə bağlı bəzi əhəmiyyətli məsələləri aydınlaşdırmaq mümkündür. «Hind üslubu» ilə az-çox ardıcıl şəkildə məşğul olan şərqşünasların əsərlərində Kəlim haqqında yalnız ötəri qeydlərə rast gəlmək mümkündür və bunlar Kəlim poeziyasının «Hind üslubu»nun formalaşıb yayılmasındakı son dərəcə mühüm rolu barədə minimum təsəvvür belə yaratmır [1, 2]. Vaxtilə Y.E.Bertels “Hind üslubu”nun zirvəsi sayılan Əbdülqadir Bidel (1644-1721) yaradıcılığına həsr etdiyi məqaləsində Kəlimdən qısaca bəhs etmiş, onun “Qəzavü-qədər” adlanan kiçik həcmli poemasından danışaraq əlavə etmişdir ki, “Kəlimin lirikası o qədər də maraqlı deyildir” [3, 358]. Görkəmli alimin bu fikri ilə razılaşmaq çətindir, çünki Kəlimin məhz qəzəllərində “Hind üslubu”nun ən xarakterik xüsusiyyətləri müşahidə olunur və həmin qəzəllərin hərtərəfli tədqiqi vasitəsi ilə “Hind üslubu”nun ideoloji və estetik əsası, habelə formal parametrləri barədə ciddi nəticələrə gəlmək olar.
Kişi ilə qadın hər ikisi susurdu. Şüşətəmizləyənlər fasiləsiz yağan qarı çatdırıb kənara ata bilmirdi. Göyün tavanı qısalmışdı. Eşitdikləri yalnız təkərə bağlanmış zəncirin yolun səthinə çırpılmasından doğan səslər və maşının arxasından gələn kəsik, uca qışqırıqlar idi. Oğlanın xurmayı gözləri, qarğıdalı saçaqları tək qızılı saçları vardı. Boyu da elə idi ki, maşında ayaq üstə duranda ancaq burnunu şüşəyə yapışdırıb quşbaşı qara tamaşa edə bilirdi. Amma bilinmirdi ki, sevinir, yoxsa qorxur. Çünki həmişə olduğu kimi əyri dişlərini bir-birinə sıxıb boğuq qışqırıqlar çıxarırdı. Qadının başına bağladığı qara yaylıq rəngi qaçmış sifətini haşiyələmişdi. Nigaran baxışları qarşıya dikilmişdi. Xəyali bir şeyi ovcunda bərk-bərk sıxırdı. Kişi sağ əli ilə sükanı tutmuşdu, sol əli ilə də siqaret çəkirdi. İki yeni qırış alnında şırım açmışdı, gicgahlarında bir neçə ağ tük görünürdü. Bunları güzgüdə seyr edirdi. - Ehtiyatlı ol! Qadın qışqırıb sol əli ilə sükandan yapışdı. Kişi ayağını tormoza basdı. Maşın yerində üç dəfə fırlanıb dayandı. Kişi ancaq öz qışqırığını və sınıb tökülən şüşənin səsini eşidə bildi