Reklam verin!
     
 

۞ C A H A N ۞

MƏNDƏ SIĞAR İKİ CAHAN...

Hadi Qaraçay. SHEİR

Barışdan dedilər
gözlərimə baxa baxa
boyuma qarğı biçənlər
Əlimin ağında
alnımın qarasını oxudular
və susuzluğun qutsallığını buldular
bardağımda su içənlər
bilənlər bilər
qarğıdilli oxlara sancılmaq
sivridilli süngülərin gözlərində yuva qurmaq
ordan gəldi.

abstrakt

 

Davamı...
Mesiha     Yanvar 21, 2008 6:43
Şərhlər(1)    68 oxunma
Başqa müəlliflərdən     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

Şəhruz Rəşid. HAMLETİN QAYIDIŞI

(esse)


Şəhruz Rəşid 1960-cı ildə Muğanda anadan olub. Ərdəbildə təhsil alıb. 1984-cü ildən Almaniyada yaşayır. İlk şeir kitabı elə həmin il işıq üzü görüb. İndiyədək daha yeddi şeir kitabı çap olunub. Dünya ədəbiyyatından tərcümələrin, ədəbi-fəlsəfi araşdırmaların müəllifidir.

Hamlet hiss edir ki, kitabların uçqunu altında qalıb və çətinliklə nəfəs alır. Bəli, o, kitabların qürubunda ağrıdan bağırır. O, «əməl» adlanan bir uçurumun kənarında dayanıb, kitablar isə onu qətiyyən belə bir vəziyyətə hazırlamayıb. Əksinə, bu vəziyyət üçün onu axtalayıb, çünki hərəsinin ağzından bir avaz gəlib. Bilmək dərdi ən üzücü dərddir. Hamlet özündən «hansını seçim?» deyə soruşduqda, müəllifi nəzərdə tutur, əməli yox! Bizim xislətimiz əməl və söz, həyat və kitab arasında həmişə birini seçir. Burada nə Horatsio bir iş görə bilər, nə də atasının sərgərdan və acı ruhu. Hamlet sona qədər əməl səhnəsinə ayaq basmır. O qərar və əməl arasında qalır. Hamlet heç bir kitabda olmayan bir vəziyyətə düşür. Qərar üçün gərginlikdə olduğu müddətdə o bütün kitabları vərəqləyir. Yox, heç bir kitabda onu yazmayıblar. Kitablar onun əl-qolunu bağlayıb, o öz əməl və taleyinin surətini aydın görə bilmir, buna görə də həmin bir neçə gün ərzində daim öz taleyinə tüpürür. Əvəzində Horatsio həyatdan gəlmişdir. Amma o da Hamletin biliyini cilovlamağa qadir deyil ki, həyatın özü olan Ofeliya ona haram olmasın. Yox, heç kəs o həqiqi fəlsəfə tələbəsinin kitablarını cilovlaya bilmir. Burada Hamlet Ofeliyanın ölümü ilə həyatını uduzur ki, Şekspir öz kitabında kitab quraşdıranlara qalib gəlsin. Hamlet kitabda qalır. O, torpaqdan gəlməyib ki, torpağa da qayıtsın. O, kitabdan gəlib və kitaba da qayıdır. Amma dünyada Şekspirin kitabından gözəl yer ağla gəlməz.

hamlet

 

Davamı...
Mesiha     Yanvar 21, 2008 6:31
Şərhlər(0)    51 oxunma
Tərcümələr     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

Həmid Herisçi. SEKOND HƏND – İKİNCİ HƏYAT

Yox…yox, mən
ağlamırdım,
köhnə arzularımın arxasınca
su atırdım,
su atırdım…
Xatirələrimdə pioner otağımıza qayıdıb
həm nəbzimi, həm ordakı tozlu təbilimizi
eyni ahənglə
taqqıldadırdım…

qogen

 

Davamı...
Mesiha     Yanvar 21, 2008 6:16
Şərhlər(0)    56 oxunma
Başqa müəlliflərdən     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

Rza Fərruxfal. ƏDƏBİ MƏTNLƏRİN REDAKTƏSİ

Məşhur amerikan-ingilis şairi T.S.Eliot 1921-ci ildə bir neçə həftə istirahət etmək və əsəblərinə dinclik vermək üçün Lozannaya getmiş, o sakit guşədə XX əsrin ən gözəl və eyni zamanda ən bədbin əsərlərindən biri olan «İtirilmiş torpaq»1 poemasını yazmışdı. Əksər Qərb tənqidçiləri bu poemanı şah əsər sayır və onun barəsində yazdıqları şərh və təhlillərdə əsərin çox mürəkkəb və mükəmməl bir struktura malik olduğunu qeyd edirlər. Onlar həmçinin «İtirilmiş torpağ»ın oxucuya çatana qədər (yəni 1922-ci ildə ilk dəfə çap olunmazdan qabaq) ciddi və əsaslı redaktəyə məruz qalmış əsərlərin bir nümunəsi olduğunu göstərirlər. Deyirlər, bu poema əslində 800 misra imiş və Eliot səfərdən qayıtdıqdan sonra onu öz rəyini bildirmək üçün dostu Ezra Paunda vermişdi. Paund əsərin təqribən 400 misrasını, yəni yarısını lazımsız saymış və heç bir mərhəmət göstərmədən artıq misralar kimi onların üstündən xətt çəkmişdi. Eliot, çox güman ki, bütün ixtisarlarla razı deyilmiş, lakin bununla belə tələbkar söz sərrafının rəyi ilə hesablaşaraq, düzəliş və qısaltmaların hamısını qəbul etmiş, hətta poemanı sevgi və sayğı dolu sözlərlə Paunda ithaf etmişdi2.

qelem 

Davamı...
Mesiha     Yanvar 21, 2008 5:52
Şərhlər(0)    105 oxunma
Tərcümələr     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

Antonen Arto. ŞƏRQ TEATRI VƏ QƏRB TEATRI

Antonen Arto (1896-1948) – modernizmin parlaq nümayəndələrindən biri, son yarım əsrdən də artıq müddətdə Fransanın (həm də təkcə Fransanın yox) mədəni həyatına ciddi təsir göstərmiş şəxsiyyətlərdəndir. Qeyri-adi xarakterə və qeyri-adi taleyə malik Artonun yaradıcılığının ana xəttini bütün sənət növlərinin (və bütövlükdə ictimai şüur formalarının) universal əsasının, vahid mənəvi bünövrəsinin axtarışı təşkil edirdi. Onun şəxsiyyətinin universallığı da, şübhəsiz, buradan irəli gəlir. Arto şair, rəssam, aktyor, dramaturq, rejissor, tənqidçi... idi. Lakin bütün sənət növləri içərisində o, ən çox teatrı sevirdi. Özünün dediyinə görə, teatrı nə qədər sevirdisə, bir o qədər də onun düşməni idi. Bu «düşmənçiliyi» yaradan onun 1920-30-cu illərdə Bali (İndoneziya), həmçinin Yaponiya və Çin teatrı ilə tanışlığı olmuşdu. Bu tanışlıq Artoya Qərb teatrının başlıca qüsurunu – «sözün diktaturasını» bütün çılpaqlığı ilə görməyə imkan vermişdi. Nəticədə o, elə həmin 30-cu illərdə bu mövzuda bir neçə esse yazmışdı. Onlardan biri də təqdim etdiyim «Şərq teatrı və Qərb teatrı» adlı essedir (1935-ci il). Burada Şərq və Qərb teatrlarının fərqinə dair Artonun baxışları yığcam, konkret və kəskin ifadəsinii tapmışdır. Fikrimizcə, bu baxışların onilliklər boyu rus-Avropa teatrı ənənələri üstə köklənən və indiki böhranının səbəblərindən biri də «mətnin hökmranlığı» mərhələsinin başa çatmasında, özünü tükəndirməsində axtarılmalı olan Azərbaycan teatrı üçün, onun yaradıcıları üçün böyük əhəmiyyəti var.
Demək lazımidır ki, Artonun essesi ciddi nəzəri-estetik planda yazılmışdır və buna görə orada irəli sürülən ideyalar təkcə teatr baxımından deyil, digər sənət sahələri, o cümlədən ədəbiyyat və rəssamlıq üçün də əhəmiyyətlidir.


Məsiağa Məhəmmədi

arto

Bali teatrı bizim söz teatrından fərqlənən fiziki teatr ideyası ilə tanışlığımıza imkan yaratmışdır. Burada teatr yazılmış mətndən asılı olmayaraq, səhnədə baş verə biləcək bütün şeylərin hüdudunda yaşayır. Onun qismən mətnə bağlı olan və onunla məhdudlaşan Qərb teatrından fərqi də bundadır. Bizim üçün teatrda hər şey Nitqdir və onun xaricində heç bir şey ola bilməz; teatr – ədəbiyyatın bir qolu, hansısa dil polifoniyasıdır. Və hətta səhnədə səslənən mətnlə özümüz oxuduğumuz mətnin fərqini etiraf etsək də, teatrı replikalar arasında baş verənlərə məhdudlaşdırsaq da, biz yenə teatrı biktin mətn ideyasından ayıra bilmirik.

Davamı...
Mesiha     Yanvar 13, 2008 0:16
Şərhlər(0)    56 oxunma
Tərcümələr     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

Söhrab Sepehri. Ş E İ R L Ə R

Müasir fars poeziyasının ünlü simalarından biri olan Söhrab Sepehri 1928-ci ildə Kaşanda doğulub. Tehran universiteti incəsənət fakültəsinin rəssamlıq bölməsini bitirib. «Rəngin ölümü» adlı ilk şeirlər məcmuəsi 1951-ci ildə işıq üzü görüb. Rəssam kimi Tehranda keçirilən bir neçə sərgidə iştirak etməklə yanaşı 1953-cü ildə «Yuxuların həyatı» adlı ikinci şeir kitabını çıxarıb. Ardınca rəssamlıq təhsilini artırmaq üçün Parisə və Tokioya gedib. Ölkəsinə qayıtdıqdan sonra müxtəlif işlərdə çalışıb, o cümlədən rəssamlıqdan dərs deyib. 1961-ci ildə dövlət işlərindən uzaqlaşaraq özünü bütünlüklə yaradıcılığa həsr edib. İranda və xaricdə fərdi sərgiləri nümayiş etdirilib. Çoxsaylı səfərlərə çıxaraq Avropa və Amerikanı, Hindistanı, Pakistanı, Əfqanıstanı gəzib. 1965-66-cı illərdə çap etdirdiyi «Suyun ayaq səsi» və «Müsafir» poemaları böyük şöhrət qazanıb. Daha sonra onun «Yaşıl həcm» və «Biz heçik, biz – baxış» adlı kitabları nəşr olunub. 1980-ci ilin yanvarında qan xərçəngindən müalicə olunmaq üçün İngiltərəyə gedib və bir ay sonra vətəninə qayıdıb. Həmin ilin aprel ayında Tehran xəstəxanalarından birində vəfat edib.


sohrab

R Ə N G İ N Ö L Ü M Ü
Gecənin qaranlığında
səssizcə bir rəng ölüb.
Uzaqlardan gələn bir qara quş
məğlubiyyət gecəsinin damında
oturub oxuyur.
Qələbədən məstdir bu quş –
bu qəm vurğunu.

Davamı...
Mesiha     Yanvar 12, 2008 1:08
Şərhlər(0)    53 oxunma
Tərcümələr     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

YARIMÇIQ ÖMÜR

Son qırx ildə Nizami Gəncəvi haqqında yazılmış saysız-hesabsız kitablara nəzər salsanız, hamısının qaynaqları sırasında bir ada rast gələcəksiniz: Q.Y.Əliyev. Xosrov və Şirin əfsanəsi Şərq xalqları ədəbiyyatında. 1960-cı ildə Moskvada rus dilində nəşr edilmiş, həcmcə çox da böyük olmayan bu kitab o zaman cəmi 30 yaşı olan Qəzənfər Əliyevin ilk geniş elmi tədqiqatı idi. Lakin dünya şərqşünaslığının ən son nailiyyətlərinə söykənən bu araşdırmanın elmi səviyyəsi o qədər yüksək, ehtiva etdiyi material o qədər zəngin idi ki, sonralar Nizami yaradıcılığını öyrənən heç bir tədqiqatçı bu kitaba müraciət etmədən ötüşə bilmədi. Elmi istedadın əsl göstəricisi budur. Yəni həqiqi istedad elə ilk addımdaca öz sözünü söyləyir, necə deyərlər, sonradan heç kimə vəhy verilmir.

 

Davamı...
Mesiha     Yanvar 11, 2008 2:06
Şərhlər(0)    60 oxunma
Şəxsiyyətlər     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

Vladimir Solovyov. DOSTOYEVSKİNİN İCTİMAİ İDEALI

(«Dostoyevskinin xatirəsinə üç nitq»dən)

Vladimir Solovyov (1853-1900) – görkəmli rus filosofu, publisisti və şairidir, məşhur tarixçi Sergey Solovyovun oğludur. 21 yaşında «Qərb fəlsəfəsinin böhranı (pozitivistlərin əleyhinə)» adlı magistrlik, 27 yaşında «Mücərrəd başlanğıcların tənqidi» mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Bir müddət Moskva və Peterburq universitetlərində dərs demiş, sonra müəllimliyi atıb büsbütün yaradıcılıqla məşğul olmuşdur. Ölümündən bir qədər əvvəl Rusiya Elmlər Akademiyasının fəxri akademiki seçilmişdi. XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllində Rusiyada fəlsəfi və ictimai fikrə güclü təsiri olmuşdur. «Xeyrin bəraəti. Mənəvi fəlsəfə», «Nəzəri fəlsəfə», «Tam biliyin fəlsəfi əsasları», «Təbiətdə gözəllik», «İncəsənətin ümumi mahiyyəti», «Platonun həyat dramı», «Müharibə, tərəqqi və ümumdünya tarixinin sonu barədə üç söhbət» və s. kimi əsərlərin müəllifidir. Əsərləri alman, ingilis, fransız, italyan, holland, xorvat və çex dillərinə tərcümə olunmuşdur.
F.M.Dostoyevski ilə yaxın dost olmuş, onun dəfnində təsirli nitq söyləmişdir. «Dostoyevskinin xatirəsinə üç nitq»i 1881-1883-cü illərdə fasilələrlə yazmışdır.


solovyov

Mənə elə gəlir ki, Dostoyevskiyə adi bir romançı, istedadlı və müdrik bir ədib kimi baxmaq olmaz. Onda bunlardan artıq nə isə vardı – həmin cəhət onun fərqləndirici xüsusiyyətini təşkil edir və başqalarına təsirini şərtləndirir. Bu fikri təsdiq üçün çoxlu misallar gətirmək olar. Mən yalnız bir diqqətəlayiq misalla kifayətlənəcəyəm. Qraf L.N.Tolstoy N.N.Straxova yazdığı məktubda, görün, nə deyir: «Mən necə də Dostoyevskiyə bəslədiyim hissləri bütünlüklə ifadə etmək istərdim. Siz öz hisslərinizi bölüşərkən, mənim duyduqlarımın da bir qismini qələmə almısınız. Mən bu adamı heç vaxt görməmişəm və heç vaxt onunla birbaşa münasibətdə olmamışam. Və birdən o öləndə, mən anladım ki, o, mənə ən yaxın, əziz və gərəkli bir adam imiş. Heç zaman onunla rəqabətə girmək mənim ağlıma gəlməyib, heç zaman! Onun gördüyü iş elə bir iş idi ki, nə qədər çox görsəydi, bir o qədər mənə yaxşı olurdu. Sənət də, ağıl da məndə qibtə doğurur, ürəyin işi isə mənə yalnız sevinc gətirir. Mən onu öz dostum bilirdim və düşünürdüm ki, biz görüşəcəyik. Birdən onun ölüm xəbərini oxudum. Elə bil hansısa dayağımı itirdim. Mən pərişan oldum, sonra anladım ki, o, mənə necə də əziz imiş: mən ağladım və indi də ağlayıram. Bu yaxınlarda, onun öluümündən əvvəl, mən «Alçaldılmış və təhqir edilmiş insanlar»ı oxudum və riqqətə gəldim».

Davamı...
Mesiha     Yanvar 7, 2008 2:51
Şərhlər(0)    64 oxunma
Tərcümələr     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

SƏDİ: HƏQİQƏT VƏ GÖZƏLLİK ŞAİRİ


همه گو يند و سخن گفتن سعدي دگر است
همه خوانند مزامير نه همچون داود
 
Hamı söz deyir, amma Sədinin deməyi başqadır,
Hamı Zəbur oxuyur, amma Davud kimi yox
!

On üçüncü yüzilliyin ortalarında – müsəlman dünyasının Şərqdən dağıdıcı monqol basqınlarına, Qərbdən isə amansız səlib yürüşlərinə məruz qaldığı bir vaxtda o qədər də böyük olmayan qədim Şiraz şəhərində həm bəşər zəkasının o vaxta qədər yaratmış olduğu elmi bilikləri dərindən mənimsəmiş, həm də yer üzünün, necə deyərlər, yarısını dolaşıb zəngin həyat təcrübəsi toplamaqla müdriklik məqamına yetişmiş bir Şeyx – Sədi Şirazi – Adəm övladının bir bədənin üzvləri olduğunu bəyan edirdi. Və demək istəyirdi ki, şəhərləri, kəndləri viran qoyan, yüz minlərlə insanı qılıncdan keçirən fatehlərin firavan və qayğısız həyata bəslədikləri ümidlər əbəsdir, aldadıcı ilğımdan başqa bir şey deyil: bədənin bir üzvü ağrı və əzab içində olduğu halda, başqa bir üzvün rahat yaşayıb normal fəaliyyət göstərməsi qeyri-mümkündür. Heyhat, müasirləri Sədinin bəyan etdiyi bu böyük həqiqəti anlamaqdan uzaq idilər. Sonrakı əsrlərdə də bu, baş vermədi – həmin universal həqiqət ayrı-ayrı zəka və düşüncə sahiblərinin malı olaraq qaldı. Bəşəriyyət yalnız yeddi əsrdən – milyonlarla insanın varlığına son qoymuş iki dünya müharibəsinin alovundan keçdikdən sonra Sədi həqiqətinə yetişdi və Birləşmiş Millətlər Təşkilatı yaradıb ulu Şeyxin sözlərini onun şüarına çevirdi. Amma təəssüf, ötən yarım əsrdən də artıq müddət bir çox hallarda bu həqiqətin yalnız şüar səviyyəsində dərk olunduğunu göstərməkdədir: hələ də başqa fərdlərin haqqını əlindən almaqla rahat və xoşbəxt yaşayacağını düşünən fərdlər, digər millətləri əzməklə səadət və rifaha qovuşacağına inanan millətlər və dövlətlər mövcuddur. Və nə qədər ki, belədir, Sədinin ideyası öz aktuallığını saxlayır və insanların zaman-zaman həmin ideya işığında düşünüb-daşınmasına, öz əməl və davranışlarını onun mizanında ölçüb-biçməsinə ehtiyac da qalır.


sedi

Davamı...
Mesiha     Yanvar 5, 2008 0:48
Şərhlər(0)    103 oxunma
Tədqiqlər     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

«TƏRCÜMƏ OLUNASI ABİDƏLƏR ÇOXDUR»

«Bir az da belə getsə, bu işi görməyə kadr tapılmayacaq»

Məsiağa Məhəmmədi – 1963-cü ildə anadan olub. BDU-nun Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu tlə bitirib. Əfqanıstanda hərbi tərcüməçi işləyib. «Saib Təbrizi və farsdilli poeziyada hind üslubu» mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Hazırda AMEA Şərqşünaslıq İnstitutunun şöbə müdiridir. Fars dilindən gözəl tərcümələr edən alimin bu günlərdə «Tədqiqlər və tərcümələr» adlı yeni kitabı işıq üzü görüb. Maraqlı kitabda müəlliflə söhbət etmək üçün əl yeri tapdıq. Həmin «əl yeri»ndən tutub alim qardaşımızı söhbətə çəkdik.

- Məsiağa müəllim, sizin «Tədqiqlər və tərcümələr» adlı kitabınızla tanışlıq göstərir ki, elmi fəaliyyətinizdə mətnşünaslıq (və mənbəşünaslıq) geniş yer tutur. Ümumiyyətlə, mətnşünaslıq nədir? Azərbaycan mətnşünaslığının dünəni və bu günü barədə nə deyə bilərsiniz?
- Filologiyanın bir qolu kimi yaranıb sonradan müstəqil sahəyə çevrilən mətnşünaslıq son dərəcə ciddi bir elmdir. Əsas mahiyyəti mətnin tarixi və tənqidindən ibarət olan bu elm tədqiqatçıdan yüksək peşəkarlıq və geniş erudisiya tələb edir. Bu, xüsusən orta əsrlərə, ənənəvi mədəniyyət tipinə aid olan mətnlər üzərində işləyən araşdırıcılara aiddir. İlahi mətn haqqında deyilmiş məşhur hədisi yada salaq: «Quranın zahiri və batini, batininin də batini və beləcə yeddiyə qədər batini vardır». Belə mürəkkəb struktura və semantikaya malik çoxplanlı orta əsr mətnlərinin düzgün oxunuşu və nəşri olduqca çətin bir işdir. Adətən bu işi aysberqə bənzədirlər – hazırlanmış mətn işıq üzü görür, tədqiqatçının buna qədərki gərgin zəhməti və mətn ilə «söhbəti» isə görünməz qalır. Mən qətiyyətlə deyə bilərəm ki, həmin «görünməyən iş» ideoloji qəliblər və hazır sxemlər üzrə monoqrafiya yazmaqdan daha çətindir və daha yüksək qiymətə layiqdir.

nizami_tebriz Davamı...
Mesiha     Yanvar 4, 2008 4:24
Şərhlər(4)    93 oxunma
Müsahibələr     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

  Yazılar cəmi: 12    Sonrakı səhifə »
Mesiha
Məsiağa Məhəmmədinin bloqu
Technorati Profile
Add to Technorati Favorites
Page copy protected against web site content infringement by Copyscape
  • İndi blogda: 33
  • Keçən ayın hiti: 8695
  • Dünənki hit: 569
  • Bugünki hit: 36
  • Ümumi hit: 36133
Check PageRank Poetry Art Blogs - Blog Catalog Blog Directory
My BlogCatalog BlogRank
View blog authority


  © 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com