Reklam verin!

۞ C A H A N ۞

MƏNDƏ SIĞAR İKİ CAHAN...

Blog Haqqında

 

Mesiha

  • Məsiağa Məhəmmədinin bloqu

Sayqaç

    • İndi blogda: 18
    • Keçən ayın hiti: 8362
    • Dünənki hit: 312
    • Bugünki hit: 281
    • Ümumi hit: 53914
    • Free Page Rank Tool

Müxtəlif

  • baxış
    31

    Həmid Herisçi. ŞEİRLƏR

    Yazar: Mesiha Tarix: Sentyabr 1, 2008 3:09

    KOR ƏRƏBİN SON NƏĞMƏSİ

    Ciblərimiz pul üçün deyil,
    əllərimiz üçündü...

    Gör bir nəyi unutmuşuq...

    Nişan üzüklərinin təkərləri üstə
    insan sevgiləri hara gedir, hara?
    Ümid qalıb Allaha,
    “baş” adlandırdığımız
    bədən çardağında
    aləm bir-birinə dəyib...

    hemid_herischi 


    Uşaqlar da dünya təmizliyinə inanmayaraq,
    öz dərsliklərinə iki qat üz çəkib...

    Bütün bu eyni söhbətlər,
    gözlərimizdə eynəklərin yaratdığı
    yalançı şüşəbəndlər,
    necə də mənasızdı,
    atasızdı, anasızdı...
    öz aramızdı
    hansı vətənə, hansı iyidliyə inanaq?
    “FM” dalğalarını nə qədər qurdalasaq,
    hər yerdə eyni eybəcər səslər...
    Gecədən səhərə qədər...

    Mən burda özümə
    iynəylə də gor qazardım...
    Uzanıb
    rahatlanardım...

    KİÇİKLİK

    İnsan dünyanı
    yalnız kiçildir,
    Məhəmməd adını Məmməd edir...

    Yel əsir, sanki dünyanı
    əruz vəzninə
    salmaq istəyir...

    Payızın axırıdı...

    Ağaclarda qalmış quru narlar
    bir daha da çartladı,
    qışın nağılı başladı,
    fəqət, bu qış da sanki,
    dünyanı kiçiltmək arzusundadı,
    elektrik çaydanımın uzun məftili
    kasıblıq ilanı kimi
    ayaqlarımın altındadı...

    Yadındadı:
    Mənə İstanbulda Quran,
    Lvovda İncil bağışladılar;
    Bəli, mənlə bir oyun başladılar,
    sonra məni axtarmadılar...
    Yadındadı:
    Biz qumar oyunlarını
    uşaq oyunlarının
    faciəli sonluğu saydıq,
    ümid küçələrimizi təmizləyəcək
    arzu süpürgələrimizi
    suda islatdıq,
    fəqət, dünyadakı mənasızlıq
    bütün arzularımızı öldürdü...

    Kiçiklik
    kainatın özüdü...

    Sevgi şamlarının tez əriyən mumu,
    bütün masalarımızın üzərində
    öz izlərini miras qoyub...

    İnsanın arzusu
    böyüklük istəyi olub.

    ...aldığım bütün paltarlar
    həmişə əynimə
    kiçik olub...

    ŞƏMS TƏBRİZİNİN ŞEİRİ

    Ağlamağa gəlincə…

    Ağlamağa gəlincə…
    birinci həmişə insan ağlayır,
    sonra yağışlar, bulaqlar….
    ağlamağa gəlincə,
    birinci həmişə insan ağlayır,
    sonra bütün yerdə qalanlar…..

    Sonra, ancaq sonra
    bütün yağışlar
    ildırım xətkeşiylə
    göylərin ölçüsünü hesablayar…
    yediyimiz çörəklər necə də dadsızdı…
    onların dadını ancaq
    zindana göndərilən çörəklərin içindəki
    gizli məktublar artırar….
    orda şikəstə xəttiylə
    mənim hikmətlərim yazılar…

    Göy üzü də yer üzüdü,
    ancaq orda torpaq yoxdu,
    bu cahanda nə varsa
    o həm var, həm də yoxdu…
    Bütün sevgilər bitir,
    ancaq sevgilərin sonunda
    nöqtə yoxdu,
    uşaqlar ağlarsa, ağlasın
    onların gözündə su var,
    göz yaşı hələ ki yoxdu….

    Ölüm bizim sözləri tələffüz etsə,
    onların tərkibindən
    bir sait, samit səs düşəcək,
    insan da bax belə öləcək,
    fəqət, uşaqların göyə buraxdığı çərpələng
    öz ipini qırmasa,
    gerçək
    çərpələng ola bilməyəcək…
    Cəlaləddin, bu işi görən külək
    qəm tərəzisinin çəki daşlarını da
    yerindən tərpədəcək.

    Hər nə var idi,
    o sənə yar idi,
    qapı da divar idi,
    xaneyi-hikmətə
    Şəmsin nuru gəlməyincə….

    Cəlaləddin, mən sevgilimi yox,
    sevgini sevirəm,
    siz gedirsiz, mən yol gedirəm,
    pəncərələri eynək tək taxmış evlərdə
    cahanın kor olduğunu sezirəm….
    Mən,
    Mən,
    Mən…

    Şərhlər(1) Başqa müəlliflərdən

     

  • baxış
    62

    Frans Poppenheym. TEXNİKA VƏ YADLAŞMA

    Yazar: Mesiha Tarix: Avqust 1, 2008 2:11

    Romano Qvardini «Hakimiyyət» adlı kitabının əvvəlində yazır: «Yeni dövr öz başlıca və əsas cəhətləri baxımından çıxılmaz vəziyyətə düşmüşdür». Bu tezis qoyulan məsələyə diqqətin artdığını nişan verir və həmin fikir çoxsaylı müasir müəlliflər tərəfindən müxtəlif formalarda irəli sürülür. Əksər müəlliflər bizim texnikaya baxışımızdakı dəyişikliyə işarə edirlər. Onlar belə bir cəhəti vurğulayırlar ki, texnoloji inkişafın müasir dünyagörüşü məhdudlaşdırması texnika ilə irsan ruhu arasındakı mübarizəni və əksliyi getdikcə daha dərindən və daha aydın anlamağa imkan verir.
    Doğrudan da, Avropa və Amerikada çoxları bu qənaətə gəlmişlər ki, texnika bəşəriyyətin ruhani və mənəvi dəyərlərini təhlükə altına alır. Onlar əvvəlki nəsillərin texnoloji inkişafa qəti inamdan necə ilhamlandıqlarını anlamaqda çətinlik çəkirlər. Texnikaya və onun imkanlarına hədsiz inam isə Orta əsrlər dünyasının süqutundan sonrakı əsrlərdə insanın üzləşdiyi şəraitdə meydana gəlmişdir. O vaxta qələr özünü onun bütün maddi və mənəvi varlığını ehtiva edən kainatın ayrılmaz hissəsi sayan insan birdən gördü ki, kökündən üzülüb və uzun müddət onu sarsılmaz dini əqidənin qoynunda bəsləyən metafizik məskənindən uzaq duşub. İndi bu qovulmuş varlıq özünə elə bir yeni məskən hazırlamaq məcburiyyətində qalmışdı ki, onun bünövrəsi arzular aləmində yox, bu dünyadakı həyatda olmalı idi. İndi yer üzündəki bu yuvanın qurulması, onun istilik və etibarlılığının təmin edilməsi onun üçün ciddi və zəruri bir mübarizəyə çevrilmişdi. İnsan təbiət qüvvələrini anlamaq və onlardan öz məqsədləri üçün istifadə etmək sahəsindəki uğurlarının səviyyəsinə uyğun həddə fəaliyyət göstərə bilərdi. Beləliklə, insanın texnikadan yapışması üçün zəmin yarandı. O zamanlar elə düşünülürdü ki, texnikanın hökmranlığı insanın hakimiyyəti və müstəqilliyinin müjdəsi olacaq. Texnikanın inkişafı ilə insanın inkişafı arasında bərabərlik işarəsi qoyulurdu.

    texnika 

    İnsanın texnikaya bu cür inamlı münasibəti Orta əsrlərdə olduğundan fərqlənsə də, dinə zidd sayılmırdı. Bu təsəvvür Orta əsrlər dünyagörüşünün süqutundan sonra inkişaf etmiş bir düşüncənin əsas mahiyyətini göstərir. Həmin düşüncə dini seyrçilikdən və sırf materializmdən («dünyapərəstlik»dən) eyni dərəcədə uzaq olan bir yol axtarırdı. Dini dünyagörüşü ilə əməyin müqəddəsləşdirilməsi arasında bu cür harmonik əlaqə yaratmaq istəyi Maks Veber və onun davamçılarının kapitalizm quruluşu ilə bağlı belə bir tezis irəli sürməsinə səbəb olub ki, kapitalizmin yaranması protestant etikasının nəticəsidir. Burada gətirilməsinə lüzum görmədiyimiz dəlillərə əsasən, həmin tezisi yeni formasiyanın tarixi izahı kimi qəbul etmək mümkün olmasa da, orası da dıüzdür ki, texniki istehsalı müdaifə etmək üçün çox vaxt onun Tanrının bizə bəxş etdiyi dünyəvi nemətlərdən bəhrələnməyin ən səmərəli yolu olması kimi teoloji arqument və dəlillər irəli sürülürdü.
    Bu təfəkkür tərzi sənayeləşmə dövrünün ilk mərhələsi ilə məhdudlaşmamış və XX əsrə qədər davam etmişdir. Misal üçün, I Dünya müharibəsindən bir neçə il əvvəl Qotfrid Trobun yazdığı «Etika və kapitalizm» adlı kitabı göstərmək olar. Bir protestant ilahiyyatçısı və xristian əxlaqına bağlı olan bütün şəxslər kimi müəllif qəti əmindir ki, texnikanın istənilən qələbəsini qəbul etmək və alqışlamaq lazımdır. Trob əsaslandırmağa çalışır ki, patriarxal şəraiti və köhnə, xeyirsiz istehsal üsullarını aradan qaldırmaq üçün ən səmərəli vasitə və üsullardan faydalanmaq zəruridir. Elə üsullardan ki, ən yüksək məhsuldarlığa və ən mükəmməl idarəçilik formasına imkan verir. Heç vaxt texnika ilə insanın həqiqi yaşayış tərzi arasındakı sıx bağlılığı unutmaq olmaz. Belə bir həqiqəti dərk etmək lazımdır ki, texnikanın inkişafına çalışmaq zahiri həyatımızı daha rahat etmək məqsədindən qat-qat mühümdür: bu Tanrıya pərəstişin bir yoludur.
    Belə görünür ki, bu gün bizim texnikaya inam və etibarımız əvvəllər olduğundan xeyli azdır və hətta müasirlərimizin çoxu tərəqqi anlayışına ironiya ilə yanaşır. Bu dəyişiklik, əlbəttə, bir gecədə baş verməyib. Hətta texnoloji nailiyyətlərin böyük hay-küylə qarşılandığı ötən dövrlərdə də xəbərdarlıq və şübhə ifadə edən səslər eşidilib. Lakin o vaxtlar texnika əleyhinə irəli sürülən ittihamlar indikilərdən tamamilə fərqli səciyyə daşıyırdı. O dövrdə texnikaya hücumlar başlıca olaraq, cəmiyyətin sürətli iqtisadi inkişafının pərişan etdiyi adamlar tərəfindən irəli sürülürdü. Əlbəttə, elə xəyalpərvər müəlliflər də vardır ki, texniki həyatın çirkab və yeknəsəqliyindən bezib kənd sənətkarlarının kiçik emalatxanalarına üz tuturdular, yaxud kəndlinin torpağı şumladığı sakit əkin sahələrinin həsrətini çəkirdilər. Hər halda ötən çağlardan ötrü bu nostalgiya hissi dəyişilmiş istehsal üsulları sayəsində mövcudluğu təhlükəyə məruz qalmış adamların öz dözülməz həyatının baisi kimi texnika əleyhinə qiyam qaldırması ilə müqayisədə o qədər də əhəmiyyətli deyildi. Texnikanın tərəqqisinin əslində insan həyatının, onun azadlıq və müstəqilliyinin inkişafı və yüksəlişi demək olması barədə ən güclü dəlillər də onların qorxu hissini zəiflədə bilmirdi. Qorxuya düşmüş fəhlələr yenə də texniki vasitələri özlərinin düşməni sayırdılar və onların texnikaya nifrəti bəzən böyük miqdarda maşın və alətlərin sındırılıb dağıdılması ilə nəticələnən qəzəbli qiyamlar şəklində təzahür edirdi.
    Fəhlələrin üzləşdiyi təhlükənin qorxuncluğu XVII-XVIII əsrlərdə Almaniya və İngiltərədə toxuculuq maşınlarından istifadəni qadağan edən fərman və hökmlərdə də qeyd olunmuşdur. Lanslot abbatının 1579-cu ildə yazdığı hesabatda göstərilir ki, qubernator yeni toxuculuq maşını ixtira etmiş şəxsin öldürülməsi barədə məxfi əmr imzalayıbmış.
    Bu gün texniki tərəqqi ideyasına qarşı hücumlar başlıca olaraq, iqtisadi dairələr tərəfindən deyil, mənəvi və mədəni dəyərlərdən ötrü narahatlıq keçirən qruplar tərəfindən edilir. Bu tənqidçilər texnika ilə insan ruhu arasında antiteza olmasına inanırlar; bu, elə bir uçurumdur ki, üstündən körpü salmaq mümkün deyil. Onlar bu fikirdədirlər ki, biz texnikanın inkişafının qurbanı olmuşuq, ona uduzmuşuq. Şpenqler, Orteqa-i-Qasset və Höyzinqa kimi müəlliflər tərəfindən irəli sürülmüş bu pessimist baxış XX əsrin birinci rübündə geniş yayılmışdı və indiyə qədər də beyinləri rahat buraxmır. Bu ideya müxtəlif ölkələrin alim və filosoflarının iştirak etdiyi çoxsaylı elmi diskussiyaların mövzusu olmuşdur. 1947-ci ildə keçirilmiş II Beynəlxalq Cenevrə konfransı «Texniki tərəqqi və əxlaqi inkişaf» probleminə həsr edilmişdi. Konfransın adı göstərirdi ki, daha texniki tərəqqi ilə insanın inkişafı arasında bərabərlik işarəsi qoyulmur. İki il sonra Amerika, İngiltərə, Fransa iqtisadçıları və sosioloqları toplaşaraq, buna yaxın olan «Sənayeləşmə və texnologiya» problemini müzakirə etdilər. Hələ 1935-ci ildə isə Almaniyanın öncül ziyalılarının bir qrupu, o cümlədən Romano Qvardini, Verner Hayzenberq və Martin Haydegger Münhendə bir yığıncaq keçirib, incəsənət və texnika arasındakı münasibətlərə dair fikir mübadiləsi etmişdilər.
    Burada həmin konfransları, eləcə də texnika ilə bəşəri dəyərlərin münasibətlərini araşdıran çoxsaylı yazıları təsvir və şərh etmək imkan xaricindədir. Odur ki, texnoloji dəyişikliklərin nəticələrinə pessimistcəsinə yanaşanların mövqeyinin yalnız əsas məqamlarını qeyd etməklə kifayətlənəcəyik. Bu pessimistlərin fikrincə, texnika insana öz həyatını təşkil etmək üçün güc verməkdən ibarət olan missiyanı yerinə yetirməmişdir. Ola bilər ki, bizim əməyimiz daha yüngül və səmərəli olub, lakin eyni zamanda biz şəxssizliklə, insan şəxsiyyətinin silinməsi, süqutu ilə üzləşmişik və şəxsiyyətin bu süqutu təhlükəli bir qüvvəyə çevrilmişdir. Bizim həyatımız və düşüncəmiz hətta iş prosesindən kənarda da total şəkildə stereotipləşmişdir. Gəlin görək, biz asudə vaxtlarımızı istər mağazada, istər zavodda, istərsə də idarədəki iş prosesində boğduğumuz şəxsi istəklərimizin, fərdi xüsusiyyətlərimizin təcəssümü, təzahürü və reallaşmasına sərf edə bilirikmi? Yoxsa şəxsi dəyərlərimizin üzə çıxmasına, fərdi bütövlüyümüzün əldə olunmasına şərait yaradan əlaqələrdən (ünsiyyətdən) qaçmağa üstünlük veririk? Bunu etiraf etmək kədərli olsa da, demək lazımdır ki, Hollivudun yaradıcıları eyniləşdirmə və şablonlaşdırmanın əhəmiyyətini vurğulayanda, yanılmırdılar və onları filmlərin aşağı keyfiyyətli olması ilə əlaqədar tənqid edəndə, soyuqqanlıqla cavab verirdilər: «Bu, camaatın sevdiyi şeydir, biz insanlara bəyəndikləri şeyi təqdim edirik».
    Şəxsiyyətin «silinməsinə» aparan bu proses texnika əsrinin daxili tendensiyasını əks etdirir. Həmin tendensiya özünə uyğun baxış tərzi doğurur. Məhz bunun sayəsində həyat aldadıcılıq keyfiyyətini itirir, təbiətdə artıq heç bir rəmz yoxdur, əksinə o, problemlərlə doludur. Hər şey, o cümlədən, insan proqnozlaşdırıla və hesablana bilir. Əgər bu daimi, fasiləsiz hesablama prosesi yalnız materiallar və texnika ilə məhdudlaşsa və insanı əhatə etməsə, məğlubiyyətə düçar olar. Odur ki, fərdlərin öz fərdiyyətlərini itirməsi və onlardan material kimi istifadə olunması zəruridir. Beləliklə, biz «institut materialı», yaxud «xəstəxana materialı» kimi ifadələr eşitdikdə, təkcə nitq yanlışlığı, dil qüsuru ilə rastlaşmırıq.
    Texnikanın bəzi tənqidçiləri göstərirlər ki, şəxsiyyətin bu süqutu və yoxsullaşıb adiləşməsi son nəticədə hisslərin kütləşməsinə gətirib çıxarır. Romano Qvardini texnika əsrinin doğurduğu bu apatiya və duyğusuzluğun bariz nümünəsi kimi belə bir misal gətirir: əvvəllər bir nəfər başqa birisini öldürürdüsə, daxilən öz əməlinin qəddarlığını duyur, onun mahiyyətini anlayırdı, lakin indi, qırğının elmi şəkildə böyük yüksəklikdə uçan təyyarə vasitəsilə həyata keçirildiyi bir şəraitdə tam fərqli bir vəziyyət yaranmışdır: bir düymə basılır və yüz minlərlə insan məhv edilir.
    Bütün bunlar kifayət qədər bədbinlik doğurur, lakin texnika tənqidçilərinin şərh və proqnozlarını daha da bədbinləşdirən onların belə bir sarsılmaz inamıdır ki, parçalanma və şəxsiyyətsizləşmənin qarşısını almaq və ya ondan xilas olmaq üçün heç bir yol yoxdur. Onların fikrincə, müasir texniki tərəqqinin özünün mahiyyətində kədərli bir təzad var: insanın məqsədlərinə xidmət etmək üçün yaranmış texnika insanın istək və iradəsinə tabe olmamaq qüdrəti qazanmışdır. Texnika insana azadlığa qovuşmaq yolunda kömək göstərmək əvəzinə, ona qalib gəlmişdir. Texnoloji inkişaf insanın sayəsində mümkün olmuşsa da, deyəsən, artıq onun itaətindən çıxıb və qabaqcadan müəyyənləşmiş qanunlar əsasında yoluna davam edir. Bizim öz yaratdığımız qarşısındakı acizliyimiz həmən cadugər şagirdinin vəziyyətinə bənzəyir ki, qorxmuş halda özünün xilas etdiyi qüvvələrə baxır, onlara hökm edə bilmir və ümidsiz halda fəryad edir: “Özüm çağırdığım ruhları qova bilmirəm!»
    Beləliklə, texnika dövrünə qarşı irəli sürülmüş müddəaları aşağıdakı şəkildə xülasə edib ümumiləşdirmək olar. İnsan öz işində daha özünü ifadə edib göstərə bilmir. Həyatın artmaqda olan bölgüsü təbiət və cəmiyyətə hesablayıcı baxış doğurmuş, onlarla birlik və əlaqə bağlarını qırmışdır. Texniki dünya öz yolu ilə gedir və insanın rəhbərliyi altından çıxıb. Bütün bu müddəalar nəhayətdə belə bir qəti hökmlə sonuclanır ki, texnologiya dövründə insan özünə, öz işinə, cəmiyyət və təbiətin reallıqlarına qarşı yadlaşma (özgələşmə) burulğanına düşmüşdür. Bu tənqid əvvəllər texnikanın ayrı-ayrı təzahürləri və nəticələrindən edilən şikayət və sızıltılardan daha insani və daha dərindir. Bu ittiham ötən dövrdə texnikanın müdafiəsindən ötrü gətirilən arqumentlərlə rədd və təkzib edilə bilməz. XVIII-XIX əsrlərdə qeyd olunurdu ki, cəmiyyət texniki tərəqqi yoluna təzəcə qədəm qoyub, ona görə də bu inkişafın bəzi ağrılı təzahürlərindən şikayət etməyə dəyməz, əksinə, onları sağlam və təhlükəsiz bir prosesin qüsurları kimi dəyərləndirmək lazımdır və gələcək inkişaf gedişində onlar hökmən aradan qalxacaqlar. Beləliklə, müvəqqəti ağrılara dözüb, «daha çox texnikaya doğru irəli!» şüarını qətiyyətlə müdafiə etmək tələb olunurdu. Lakin bizim günlərdə bu cavab hətta texnika müdafiəçilərinin özləri üçün də qənaətbəxş deyil. Texnikanın hazırkı müdafiəsində başlıca tezis belədir ki, texnika prinsipcə xidmət etdiyi məqsədlərə münasibətdə neytraldır, buna görə həm yaradıcı və qurucu, həm də destruktiv və dağıdıcı məqsədlərə yönəldilə bilər. O, həm insanın özünü tapmasına, həm də özündən uzaqlaşmasına xidmət etməyə qadirdir; həm insanın cəmiyyət və təbiətlə çıx əlaqədə olmasına, həm də onlara yadlaşmasına gətirib çıxara bilər. Bu müdafiənin son nəticəsi belədir: əgər insanın yadlaşmasının sirrini anlamaq istəyirsinizsə, nəzərlərinizi texnikadan ayırın və öz təbiəti, mahiyyəti etibarilə susmağı, təsirsizliyi qeyri-mümkün olan, əksinə, hakimiyyət uğrunda münaqişə və mübarizələrdən həzz alan qüvvələrə daha açıq gözlə baxın. Məsələn, nə üçün siyasi qurumların təkamülü və inkişafına, insanın mövcudluğuna onların güclü təsirlərinə nəzər salmayaq?!

    Çevirəni: Məsiağa Məhəmmədi

    Şərhlər(6) Tərcümələr

     

  • baxış
    107

    Kiyan Xiyav. ŞEİRLƏR

    Yazar: Mesiha Tarix: İyul 30, 2008 1:36

    BUYUR YAVALIQ

    Buyur yavalıq!
    Buyur yaramazlıq!
    Buyur, zaman çörəyinə
              budur yavanlıq.
    Ölülər
    öz zülüm-zülmət gecələrində
    unudublar hər şeyi.
    Və dirilər
    ölülərin baş qaxıncıdır.

    kiyan_xiyav  

    Bütün gündüzlərimizdən
    Günəşsiz qayıdırıq
    Bütün gecələrimizdən
    Ay-ulduzsuz.
    Və həyatın döyüşündə
    heç bir qılınc,
    heç bir qalxan qidalandırmayır bizi.

    Buyur şahmat
    gəl yenidən yenə quraq!
    Yenə şah sən,
    yenə mat mən.
    Armudu stəkanlara dal!
    Yeni ləzzətlərimizi
    tütün kəşf edəcək,
                    buyur!
    Neylərsən ki vətən bağı al-əlvandır
    yox üstündə sarı bülbül?!
    Neylərsən ki
    qızıl güllədir ürəyə dikilən,
                 yoxsa qızıl gül?!

    Buyur yavalıq!
    Buyur yaramazlıq!
    Buyur, ömür çörəyinə
            yalnız budur yavanlıq!


    ÖZÜNDƏN ÖZGƏ

    Qolumda sarılan bu örkənlərlə
    həyatda qalası deyil,
    ağzıma tıxanan bu parçalarla
                ölümə gedəsi oldum.
    Bir qaraney səsi oldum
    qürbətimi doyurmadı
    oyuq-oyuq bir məmləkət adı;
    Ac bir şəhər
    susuz bir küçə, əskidən.
    Və mən
    dodağımdan yenə susuzluq danışarkən,
    hardasa, eşidən bir qulağa etdim umud.
    Qara bulud
    çalxalandı köksümdə üsyan ünvanıyla
    və tufanlı dəniz halında bir duyğu
    dalğalı qanadıyla
    sardı məni birdən-birə.
    Mərə, dostlar, mərə!
    Bu yaşamaq nə yaşamaq?
    Başqaları suçlu ikən,
                  qanlı divanlar bizə tutuldu.
    Ax, bizə nə oldu?
    Ki zaman bir keçid verməz özündən
    və bizi özündə əridər sonsuz çalxanış.
    Alış, ürəyim, alış!
    Ki korluğunda quylanaram bir məzarın.
    Bir məzar ki dörd divarın arası,
    üzərində damar salan bir duman.
    Vay aman,
          vay!...
    Nə Çində, nə Maçində,
    tam bir yanar vulkan içində,
    uyuyar xəyalım.
    Ağrın alım!
    Bir biləydin bu xəyal
    aşılmaz dağlar üstündə,
    necə qaranlıqdan keçər!
    Və umudum
    varılmaz uçurumların dibində,
            necə zəhər sulardan içər!
    Keçər, gülüm, bu da keçər,
                             aldırma!
    Fəqət
    məni düşünmək istəsən,
    Aynalara bax!
    Ki o səndən tanıdığın, bir fiqur yox.
    Daha tam özünlə özgələşibsən
    tam özünlə
    ço…x, ço…x, ço…x!


    DƏLİ CEYRAN BALASI

    Qafqazın tonqalı söndü
    və Kiçik Asiya daha kiçildi.
    Nə nar, nə nur
    nə də bir qürur qaldı haçalanmamış.
    Ah, e…y dədə!
    Qocaman Habilin yorğun barmağı
    başqa bir havaya girdi
              başqa pərdədə.

    Bakının kədərli sabahlarında
    ruhu düşgün görünür Qız qalasının.
    Və Araz gülüşünün soyuqluğunda
    çözülməz sirri yatır
    doğulmadan boğulan bir Təbriz balasının.

    Ceyranlar talvasadan
    bir-birinə sarılaraq, çəkinirlər köpəkdən.
    Və ölüm öpüşündən yanmış lələklər
    Bir-bir ələnir durna qatarından.

    Aman, aman!
    Ceyranların tovsun qaçışına düşmən köpəklər,
    köpək oğlu köpəklər.
    Bizi yağmalamayınca
    Ayaqdan düşməyən ölüm əlləri.

    Mən yüzillikdən bəri
    Uca dağlar anası
    bir ceyran balası olduğumdan,
    qorxuram
    qorxuram köpək adından.

    Ax, olsaydı bir halımıza baxan…
    Ki həriflər
    ortalığı qan gölünə döndərdilər
    qan gölünə döndü yerin altında da, qara qızıl neftlər.

    Heyiflər olsun, heyiflər!
    Çuxur oldu olası qanlı vətən
    bir parça qan çuxuru.
    Quru axdı bulaqları,
    zəmiləri yanıq göyərdi
    və kürəyini umudsuzluğa dayadı qamış külbələr.
    Çuxur oldu, ax!
    Ceyran sürüləri köçdü
               necə də toz qaldıraraq.

    Sezərsənizsə, balam!
    Çuxur oldu,
             çuxur oldu olası qanlı vətən.

    Və mən
    «Qarabağ pasvanıykən,
    duz doldurdum yarama»
    sonra qanlı köynəyimin altında,
    çarpazlama-çarpazlama gizlətdiyim qurşun şeirlər,
    öz bağrımı sökdülər mütləq.
    Və onların soyunda mütləq köpəklik var
    Kim bilir soyları nə,
    uruspu dölləri bəlkə.
    Qolay öldürüb, sital-sital gedərlər
    gülərlər, alay edərlər, sırtıqcasına.

    Doyulmaz bir seyirdir bu, doğrusu.
    Ah, e…y dədəm oğlu!
    Bu varlıqmı?
    Hava ölüm qoxudu.
    Daha doğrusu,
    yetişmiş dünyanın quduz anları
    və mən
    ürək dələn hürüşlərə dözümüm yoxkən,
    göz yaşımı silirəm.
    Çünki uca dağlar anası
    bir dəli ceyran balasıyam mən.
    Və köpək cinsi ilə bacara bilməm,
                                       bilirəm.






    Şərhlər(8) Başqa müəlliflərdən

     

  • baxış
    44

    Fəridə Diba. MƏNİM QIZIM FƏRƏH (4)

    Yazar: Mesiha Tarix: İyul 26, 2008 16:33

    Üçüncü hissə

    XARİCİ SƏFƏRLƏR

    Xarici ölkələrə səfərlərim və dünya miqyaslı şəxsiyyətlərlə görüşlərim barədə şirin xatirələrim var. Hərdən ötən çağların xoş xatirələrini yada salanda bu nəticəyə gəlirəm ki, insan ömrü xatirələr toplusundan başqa bir şey deyil...
    Dediyim kimi, qızımın toyu üçün zəruri olan şeyləri almaqdan ötrü onunla birgə Parisə getməyim ölkə xaricinə ilk səfərim olmuşdu. Mənim xatirimdə hər şeyin birincisi dərin iz buraxır və onu yaddan çıxarmıram. Bu, xarici səfərlərimə də aiddir. Sonralar qırxdan çox xarici ölkəyə getsəm də, sevimli qızımla bərabər Parisə ilk səfərimi heç vaxt unutmuram.
    Xatirəsi yaddaşımdan silinməyən başqa bir səfərimiz 1963-cü ildə Amerika Birləşmiş Ştatlarına olmuşdu. O zaman ABŞ hökuməti Məhəmmədrzanı və Fərəhi böyük təntənə ilə qarşılamışdı. Biz üstüaçıq maşında irəlilədikcə, göydələnlərin üzərindən başımıza rəngbərəng lentlər səpirdilər.

    shah_fereh 

    Şam yeməyi zamanı Məhəmmədrza Jaklin Kennediyə son dərəcə qiymətli və nadir bir komplekt bağışladı. Bu komplekt bir vaxtlar Şir ürəkli Riçardın arvadına məxsus olmuşdu. Jaklin Məhəmmədrzanın bu səxavətindən elə mütəəssir oldu ki, ayaq üstə dayanmış qonaqların hamısının gözü qarşısında onu öpdü, sonra da elə oradaca kopmlekti açıb üstünə taxdı. Bu unikal komplekt brilyant boyunbağıdan, almaz medalyondan, daş-qaşla bəzədilmiş qolbağdan, almaz qaşlı üzükdən və brilyant sırğalardan ibarət idi.
    Bu böyük və misilsiz səxavətin müqabilində Kennedi Fərəhə akvarellə çəkilmiş bir şəkil verdi və dedi ki, bu, onun kollecdə oxuduğu illərdə çəkdiyi şəkillərdəndir. Jaklin isə Məhəmmədrzaya rəngi solmuş bir qalstuk bağışlayıb iddia etdi ki, bu qalstuk Corc Vaşinqtona məxsus olub!
    ABŞ prezidenti ilə xanımının verdiyi hədiyyələrin heç bir dollar da qiyməti yox idi, halbuki bildiyimə görə, Məhəmmədrza Şir ürəkli Riçarda məxsus əntiq komplekti almaq üçün yüz minlərlə dollar xərcləmişdi. İqamətgahımıza qayıtdıqdan sonra Fərəh Məhəmmədrzanın yanında Kennedini və arvadını söyüb dedi: «Bu ... xaricdən gələn hər qonağa bir cındır qalstuk verib iddia edirlər ki, həmin qalstuk Corc Vaşinqtona, yaxud Avraam Linkolna məxsus olub!»
    Con Kennedi siyasi həyatı demokratikləşdirmək istiqamətində Məhəmmədrzaya göstərdiyi təzyiqlərə görə İranda çox populyar idi. Amerikada da o, görünür, bütün dövrlərin ən sevimli prezidenti olmuşdur.
    Jaklin adi görkəmli arıq bir qadın idi. Deyirdilər ki, prezidentin xanımı olmazdan əvvəl o, sadə ailədən çıxmış bir jurnalist imiş. Con Kennedi isə varlı və aristokrat bir ailədən, bizdə deyildiyi kimi, köklü nəsildən idi.
    Mən o vaxta qədər amerikalıları yaxından görməmişdim və onlarla oturub-durmamışdım. Ona görə də təəccüblənirdim ki, necə hamının yanında bir-birinin arvadlarını öpür və mehribancasına onlarla rəqs edirlər. Amma Kennedinin bir neçə dövrə Fərəhlə rəqs etdiyini və Məhəmmədrzanın da qollarını Jaklinin belinə dolayıb oynadığını görəndən sonra təəccübüm aradan qalxdı. Və mən də bu cür ikinəfərlik rəqslərdə təcrübəsizliyimə, necə deyərlər, naşı olduğuma baxmayaraq, nəzakət naminə Nyu-York merinin dəvətini qəbul edib onunla rəqs eləməli oldum. Rəqsin sonunda mer xahiş etdi ki, sabah nahara onun qonağı olum və şəxsən özünün hazırladığı təamların dadına baxım. Mən ingiliscəni yaxşı bilmədiyim üçün Fərəh köməyimə yetişdi və mənim adımdan çox-çox təşəkkür edib dəvəti qəbul elədiyimi bildirdi; mənə də dedi ki, bu nüfuzlu siyasətçinin dəvətini qəbul etməkdən özgə çarə yoxdur, sən gərək fədakarlıq göstərib onun qonağı olasan!
    Sonralar ABŞ prezidenti olmuş Riçard Niksonu mən ilk dəfə həmin qonaqlıqda gördüm. O vaxtlar Nikson ABŞ Xarici İşlər Nazirliyində işləyirdi və hələ o zamandan onunla Məhəmmədrza arasında dərin dostluq münasibəti yaranmışdı.
    O dövrün ən populyar müğənnisi olan Frenk Sinatra da həmin ziyafətdə idi. Sinatra şahın səmimi dostu sayılırdı, amma şahın əleyhdarlarından biri ilə də dostluq edirdi, buna görə Məhəmmədrza daim ondan gileylənirdi. Frenk Sinatranın dostu və şahın düşməni bəxtiyari tayfasından olan Xeybər xan Qudərzi idi. Əlbəttə, Xeybər xan şahın siyasi düşməni deyildi, onunla Məhəmmədrza arasındakı münaqişənin kökündə maliyyə məsələləri dururdu və bu da şah üçün müəyyən problemlər yaratmışdı. Xeybər xan ABŞ-da iri kapitalist və Frenk Sinatranın qolf yoldaşı kimi tanınırdı. Frenki Xeybər xanı o qədər çox istəyirdi ki, özünün məşhur «Qudi,Qudi» mahnısını («Qudi» – «Qudərzi» sözünün qısaldılmış formasıdır) ona həsr etmişdi. Bu isə Məhəmmədrzanı yamanca qıcıqlandırırdı. Deməliyəm ki, Məhəmmədrza son dərəcə qısqanc idi və bu da onun ən böyük zəifliyi sayıla bilərdi.
    ABŞ səfərində məni heyrətə salan məsələlərdən biri də amerikalıların öz prezidentləri ilə davranışı oldu. İranda bütün məmurlar və dövlət adamları, hətta baş nazir də Məhəmmədrzanın əlini öpürdü və bəziləri (əsasən hərbçilər) özlərini şahın ayaqlarına atırdılar. ABŞ-da isə adi insanlar belə prezidentə yalnız əl verib görüşür və bundan artıq ehtiram göstərmirdilər. Bu bir yana qalsın, bəziləri hətta prezidentlə kəskin tonda danışırdılar ki, bizim meyarlarla bu, açıq-aşkar hörmətsizlik idi.
    Məhəmmədrzanın prezident Kennedi ilə Jaklinin şərəfinə verdiyi axşam ziyafətində mən müşahidə etdim ki, adi məmurlar və orta təbəqədən olan şəxslər, məsələn, Xarici İşlər Nazirliyinin işçiləri, jurnalistlər, Konqresin üzvləri, biznesmenlər və kommersantlar prezidentlə çox sərbəst rəftar edirlər, hətta bəzən Kennedi özü onları yanına çağırıb hal-əhval tuturdu.
    Bir gün də Məhəmmədrza və Fərəhlə birlikdə prezidetin şəxsi fermasına getdik. ABŞ-da varlı adamların əksəriyyətinin torpaq sahəsi var, Kennedi də bu baxımdan istisna deyildi. Kennedi ailəsinə məxsus olan və atalarından miras qalan əkin sahələrində kəndlilər öz işləri ilə məşğul idilər. Amerika prezidentinə ehtiramlarını bildirmək üçün onlar əllərini havada sıxır, yaxud papaqlarını çıxarırdılar. Hətta bəziləri prezidenti qısaldılmış adı ilə çağırır və uca səslə deyirdilər: «Ey, Con!»
    İranda doğulub-böyümüş və bizim bədbəxt kəndlilərin vəziyyətini yaxşı bilən bir adam üçün bu, inanılmaz bir mənzərə idi: bizdə kəndlilərin canı da, malı da ərbabların ixtiyarındaydı, hətta bəzən mülkədar toyun birinci gecəsi rəiyyətin gəlinini öz evinə aparırdı. Ona görə də bu boyda ölkənin prezidentinin kəndlilər qarşısında özünü belə sadə aparması məni əməlli-başlı heyrətə salmışdı. Prezident Kennedidən xoşu gəlməyən Məhəmmədrza deyirdi: «Amerikalılar ədəbsiz millətdirlər və ədəbsizlik onlar üçün bir növ dəyərdir!» Mən də kəndlilərin prezidentə belə münasibətindən təsirlənmişdim. Əslində mən nə İrandakı kimi şaha yaltaqlanmağı və onun əl-ayğını öpməyi bəyənirdim, nə də bir Amerika kəndlisinin prezidentə bu cür sayğısızlıq göstərib uzaqdan «ey, Con!» deyə qışqırmasına yaxşı baxırdım. İsveçrədə böyümüş Məhəmmədrza ilə Parisdə oxumuş Fərəh isə qərblilərin davranış qaydalarına bələd olduqlarından mənə qəribə gələn şeylərə təbii yanaşırdılar.
    Məhəmmədrza ilə Fərəh prezident Kennedi və Jaklinlə yanaşı Senatın və Konqresin sədrlərinə, əksər senator və konqresmenlərə, hətta jurnalistlərə və nüfuzlu merlərə də hədiyyələr verdilər. Bu hədiyyələr əsasən İranda toxunmuş xalçalardan ibarət olurdu. Siyasi məsələlərdən başım çıxmadığına görə mən bu hatəmsayağı səxavətin səbəbini anlaya bilmirdim. Fərəh mənə izahat verib dedi ki, ABŞ-da dövlət qərarları nüfuzlu şəxslərin təzyiqi ilə qəbul olunur; biz də bu adamlara diqqət yetirməklə istəyirik ki, onlar Konqresin və Ağ Evin qərarlarının bizim xeyrimizə olmasına təsir göstərsinlər. Qızımın siyasi məsələlərin incəliklərini belə tez mənimsəməsi mənə əsl ləzzət verdi.
    Bu səfərdə özümün böyük bir zəifliyimdən agah oldum və anladım ki, dil bilməyən kəs vətənindən kənarda lal adam kimi bir şeydir. Odur ki, İrana dönən kimi ingilis dilini yaxşıca öyrənməyi qərara aldım. Bu məsələni Ali Antonyadisə bildirdim və o, İran-Amerika cəmiyyətindən mənim üçün bir ingilis dili müəllimi tapdı.
    Mən axıra qədər ingiliscəni mükəmməl şəkildə öyrənə bilməsəm də, çulumu sudan çıxarmaq həddində onu mənimsədim. Qızımla Londona xüsusi səfərim isə ingilis dili sahəsindəki biliklərimi sınaqdan keçirmək üçün yaxşı fürsət oldu.
    Məhəmmədrza istəyirdi ki, Londonun cənubunda Viktoriya dövrünə məxsus tarixi binalardan birini satın alsın. Qəsrin ətrafında onlarla hektar torpaq sahəsi vardı. Qərar beləydi ki, Fərəh binaya baxıb bəyənməli, sonra da o, nəvəm Rzanın adına alınmalı idi. (Hər şey elə belə də oldu). Həmin əzəmətli binanı fransız mühəndisləri son dərəcə gözəl bir şəkildə bərpa etmiş və yenidən qurmuşdular.
    Fərəh dərhal binanı bəyəndi və bizim vəkillərlə satıcı şirkət lazımi sənədləri hazırlayıb mübadilə etdilər. Fərəhin yaxşı müştəri olduğunu görən ingilis şirkəti Londonun qərbindəki aristokratlar məhəlləsində yerləşən bir mənzili də ona təklif etdi. Biz gedib yeni tikilmiş hündür binanın son mərtəbəsində olan həmin mənzilə də baxdıq. Mənzilin təqribən bir futbol meydançası qədər sahəsi vardı! Fərəh bu mənzili özü üçün aldı və bu alqıdan son dərəcə məmnun qaldı, çünki o, eynən Əşrəf xanımın Nyu-Yorkdakı mənzilinə bənzəyirdi.
    Bizim Londona səfərimiz qeyri-rəsmi, hətta müəyyən qədər məxfi xarakter daşıyırdı və mətbuata da bu barədə heç bir açıqlama verilməmişdi, bununla belə kraliça II Yelizaveta bizi Bukingem sarayına şam yeməyinə dəvət etdi. Bu, ingilis kraliçasının İran dövlətinin birinci xanımının şərəfinə verdiyi sadə və xüsusi bir ziyafət olsa da, İngiltərə Xarici İşlər Nazirliyinin nümayəndəsi məclisdə iştirak edirdi. Sonradan Fərəh bunu mənə belə izah etdi ki, İngiltərədə kraliça hökumətin qərarlarına müdaxilə etmir və əslində bir simvoldur; ona görə də Xarici İşlər Nazirliyinin, yəni hökumətin nümayəndəsi ziyafətdə iştirak edirdi ki, həm iki kraliçanın söhbətindən agah olsun, həm də lazım gələrsə, ingilis kraliçasına müəyyən məlumatlar versin.
    Biz kraliça ilə xeyli söhbət etdik. Kraliça əvvəlcə Məhəmmədrzanın səhhəti və işləri ilə maraqlandı və Fərəhdən xahiş etdi ki, onun və şahzadə Filippin salamlarını şaha çatdırsın. Kraliçanın söhbətlərindən belə anladım ki, İran haqqında son dərəcə geniş məlumata malikdir. O, hətta Xəyyamın bir rübaisini də ingiliscə bizim üçün söylədi. Fərəh mənə izah etdi ki, kraliça Xəyyamın rübailərinin Fitscerald adlı bir şərqşünas tərəfindən ingiliscəyə edilmiş tərcümələrini oxuyub və onun şeirlərinin vurğunudur.
    Bu görüşdə siyasi məsələlər haqqında söhbət getmədi və axırda kraliça Fərəhdən xahiş etdi ki, əlverişli bir vaxtda Məhəmmədrza ilə birlikdə İngiltərəyə rəsmi səfərə gəlsin...
    Təqribən on gündən sonra Fərəh İrana qayıtmaq istədi, mən isə Şotlandiyanı, Uelsi və İrlandiyanı görmək üçün ayın axırına qədər Britaniyada qalmağı qərara aldım. Fərəh mənim bu qərarımı bəyəndi və Londondakı İran səfirliyinə lazımi göstərişlər verdi, Tehrana qayıdan kimi isə mənim Londonda tək qalmamağım üçün qardaşım arvadı Luizi İngiltərəyə yola saldı. Luiz gələn kimi təklif etdi ki, əvvəlcə Şotlandiyaya gedək, çünki ora dünyanın ən gözəl yerlərindən biridir. Şotlandiyaya səfərdən sonra mən də bu fikri təsdiq etdim, hətta Luizə dedim ki, mən bu diyara vurulmuşam və imkanım olsa, həmişəlik köçüb burda yaşayaram... Amma sonralar İspaniyanın Aralıq dənizi sahillərini görəndə, anladım ki, Şotlandiyaya vurulmaqda tələsmişəm!
    İngilislərin həyatında diqqətimi cəlb edən ən maraqlı cəhətlərdən biri hamının qanun qarşısında bərabər olması idi. Bir gün Luiz mənə bir qəzet göstərib dedi ki, London polisi şahzadə Çarlzı (kraliçanın oğlunu) maşınını qadağan olunmuş yerdə saxladığına görə cərimə edib. Qəzet yazırdı ki, şahzadə Çarlz avtomobilini bir restoranın qarşısında saxlayıb və qəhvə içmək üçün içəri girib, bu zaman oradan keçən yol polisi əməkdaşı maşının qadağan olunmuş yerdə saxlandığını görərək dayanıb və cərimə vərəqəsi yazaraq şahzadəyə təqdim edib. Bu hərəkətinə görə rəisləri tərəfindən mükafatlandırılmış həmin polis işçisinin şəkli də qəzetdə verilmişdi.
    Bu xəbər məni əməlli-başlı heyrətə saldı və Luizə dedim: «Sən təsəvvür edə bilərsənmi ki, Tehran polisinin işçisi Məhəmmədrzanı, yaxud onun qardaşlarından və bacılarından birini cərimə eləsin və canını da salamat qurtarsın?!»
    Mən mərhum kürəkənimi və onun idarəçilik üsulunu tənqid etmək istəmirəm. Deməliyəm ki, bu fərq bizim mədəniyyətimiz və adət-ənənələrimizlə bağlıdır. Mən Amerikaya, İngiltərəyə, Rusiyaya, Avropanın digər ölkələrinə, hətta Madaqaskara və Qanaya səfərlərim zamanı heç vaxt görməmişəm ki, kimsə prezidentin əlini öpsün. Həqiqət naminə onu da deməliyəm ki, insanlar özləri Məhəmmədrzanın əlini öpür, yaxud özlərini onun ayaqlarına atırdılar.
    Xaricdə yaşadığım bu illər ərzində mütaliəyə kifayət qədər vaxtım olub. Xüsusən İranda çıxan kitabları oxumaq məndə maraq doğurur. Görürəm ki, bəziləri Məhəmmədrzanı hədsiz təkəbbür və xudpəsəndlikdə ittiham edirlər. Əslində mən Məhəmmədrza ilə tanış olanda, o mənə utancaq və təvazökar bir insan təsiri bağışlamışdı. Amma sonralar ətrafındakı şəxslərin yaltaqlıq və əcaib epitetlər qoşmaqla onda təkəbbür hissini necə oyatdıqlarının şahidi oldum. Onlar şaha təlqin edirdilər ki, o bütün insanlardan fərqlənir və bir növ fövqəlbəşəri varlıqdır...
    İngiltərədən qayıdandan sonra canıyanan bir ana kimi bütün gördüklərimi Fərəhə danışdım. Fərəh dedi: «Ana, o sistem İngilətərəyə yarayır, bu sistem də İrana! İran camaatı şahı Allahın kölgəsi bilir, necə ki, bizim milli şairimiz Firdovsi deyib: «Allahın hökmüdür şahın fərmanı!» Əgər şah İngiltərə kral ailəsinin üzvləri kimi şəhərdə adi adamların arasında gəzsə, beş dəqiqə də davam gətirməz! Bizim adamlar hələ o mədəniyyətə yetişməyiblər ki, adi insan kimi onların arasına çıxaq».
    İndi, neçə illərdən bəri şahanə həyatla vidalaşdığım və qürbətdə ömrümün son günlərini yaşadığım bu vaxtda görürəm ki, qızım da səhv edirmiş. İnsan üçün maneəsiz və sərbəst şəkildə adamlar arasında olmaqdan böyük ləzzət yoxdur. Əminəm ki, Məhəmmədrza ömrü boyu bu ləzzəti dadmamış, qızım da şaha ərə gedəndən sonra ondan məhrum olmuşdu...
    1965-ci il aprelin ortalarında Yaponiyaya bir aylıq səfərim də yaddaşımda silinməz izlər qoymuşdur. Düşünürəm ki, bu səfərin ən maraqlı səhifəsi imperator Hirohito və onun xanımı ilə görüşümüz oldu. Bizim üçün imperatorla on beş dəqiqəlik qısa görüş nəzərdə tutulmuşdu. Mən eşitmişdim ki, imperator yaponların nəzərində çox yüksək dəyərə malikdir və Yaponiya ikinci dünya müharibəsində təslim olanadək adi adamlar onun səsini eşitməmiş, üzünü görməmişdilər, hətta iyirminci yüzilliyin əvvəllərinə qədər yaponlar öz imperatorlarını ilahi bir varlıq sayırdılar.
    İmperatorun hüzuruna daxil olanda onun ilk sualı belə oldu: «Yaponiyanı bəyəndinizmi?» Mən bir qədər Yaponiya təbiətinin gözəlliklərindən danışdım. İmperator bu təriflərdən xoşhal olub dedi: «Bilirsiniz, bizdə belə bir məsəl var: deyirlər, Allah-taala yeri yaradarkən Yaponiyanı yaddan çıxarıbmış, ona görə də sonradan cənnətdən bir parça kəsərək yerə gətirib və yaponları orada məskunlaşdırıb. Beləliklə, Yaponiya behiştin bir parçasıdır!»
    Bu sözlər imperatorun öz ölkəsinə hədsiz məhəbbətinin göstəricisi idi. Mən sadə yaponlarda da öz vətənlərinə tükənməz sevginin şahidi oldum. Və istər-istəməz bunu Pəhləvi ailəsinin ilin on iki ayını xaricdə keçirən, əcnəbilərlə ailə quran, Amerika və Avropada mülk alıb oralara kapital qoyan bəzi üzvlərinin öz ölkələrinə münasibəti ilə müqayisə etdim. Mən burada heç kimin adını çəkmək fikrində deyiləm, yalnız onu demək istəyirəm ki, şahlıq quruluşunun dağılmasında təkcə Məhəmmədrza müqəssir deyildi. Şahın qardaş və bacılarının öz ölkələrinə heç bir bağlılığı yox idi. Rza şah İranı nə qədər sevir və onun inkişafına çalışırdısa, övladları vətənlərinə qarşı bir o qədər biganə idilər...
    Diqqətimi cəlb edən digər bir məsələ imperator Hirohitonun öz kifir xanımına hədsiz bağlılığı oldu. Yaponların müqəddəs saydığı bu şəxsin təbii ki, istənilən gözəl qızı almaq imkanı vardı, amma o öz hakimiyyət və sərvətindən sui-istifadə etməyib bütün ömrünü bu kifir qadınla yaşamışdı. Öz-özümə dedim ki, İranda adi rəiyyətin də əlinə bir az pul gələn kimi arvadının üstünə günü gətirir, amma bu böyük insan bütün var-dövlətinə baxmayaraq, həyatını həmişəlik kifir bir qadına bağlayıb. Əhsən bu ləyaqətə!
    Tehrana qayıdandan sonra Məhəmmədrza məndən soruşdu: «Hirohito sizə necə təsir bağışladı?» Dedim: «Məncə, adi bir adamdır. Özü də çox adi!» Məhəmmədrza dilləndi: «Adi adam imperator ola bilməz!» «Doğru buyurursunuz» – deyə cavab verdim. Söhbətimizi eşidən Fərəh özünü saxlaya bilməyib söylədi: «İmperator bu adı və mənsəbi atasından irsən alıb. Nə çoxdur ləyaqətli atanın ləyaqətsiz övladı!» Məhəmmədrza bir şey demədi, amma hiss etdim ki, Fərəhin bu sözləri ona bərk toxundu...
    Rumıniyanın prezidenti Nikolaye Çauşesku da məndə böyük maraq doğurmuş və onun fikirləri mənə qəribə gəlmişdi. Mən həm Rumıniyaya səfər etmiş, həm də Çauşesku Tehrana gələrkən onu görmüşdüm. Belə düşünürəm ki, Çauşesku Rumıniya Kommunist Partiyasının rəhbəri, Şərqi Avropanın ən güclü şəxsiyyətlərindən biri və nəhayət, ölkə prezidenti olmazdan qabaq sadəlövh bir kəndli idi! Sanki onun üçün zaman dayanmışdı və o, orta əsrlərdə qalmışdı: heç bir vəchlə Qərbin tərəqqisini və sivilizasiyasını qəbul etmirdi. Məhəmmədrza və Fərəhlə birgə Buxarestə gedib Çauşeskunun qonağı olduğumuz zaman o açıq-aşkar Məhəmmədrzaya nəsihət verməyə çalışırdı. Xanımı ilə İrana gələndə də nəsihətçiliyindən əl çəkmirdi.
    Məhəmmədrza bu fikirdə idi ki, kiçik ölkələr böyük dostları olmadan ayaq üstə dura və inkişafa nail ola bilməzlər. Amma Çauşesku deyirdi ki, böyük ölkələr kiçik dövlətləri qarət etmədən yaşaya bilməzlər.
    Məhəmmədrza dünya liderlərindən ikisini dəli sayırdı və bunu dəfələrlə şəxsi söhbətlərdə müxtəlif münasibətlərlə bizə demişdi. Bunlardan biri Liviya rəhbəri polkovnik Qəzzafi, ikincisi də həmin Çauşesku idi!
    Çauşesku Məhəmmədrza ilə görüşdə demişdi: «İran və Orta Şərqin neft hasilatçısı olan digər ölkələri güclü bir təşkilat yaratmalı, nefti özləri çıxarıb özləri satmalıdırlar». O əlavə etmişdi ki, İkinci Dünya müharibəsinə qədər Rumıniya Avropanın neft ixrac edən dövlətlərindən biri idi, amma xarici şirkətlər ölkədəki nefti son barrelinə qədər qarət edib ekoloji şəraitə ağır zərbə vuraraq aradan çıxdılar. Çauşesku deyirdi: «Qərblilərin neft müqabilində sizə verdikləri pul yalnız neftin ixracı üçün lazım olan avadanlığın alınmasına çatır, əlbəttə, bir az da özünüzə qalır ki, acından ölməyəsiniz və nefti çıxarıb onlara verə biləsiniz».
    Danışıqlardan sonra Məhəmmədrza demişdi: «Vallah, bu kişi dəlidir! İki ölkə arasında əlaqələrə dair müzakirələr aparmaq əvəzinə, vaxtının çoxunu antiqərb təbliğatına sərf edir».
    Tehranda olarkən, Çauşesku Məhəmmədrza ilə birgə ingilis avtomobili istehsal edən «İran-nasional» zavoduna getmişdi. Məhəmmədrza yenicə istehsalına başlanılan «Peykan» avtomobilini İran sənayesinin qələbəsi kimi fəxrlə ona göstərmişdi. Amma Çauşesku demişdi: «Siz Britaniya iqtisadiyyatının xeyrinə ingilis avtomobili buraxıb öz camaatınıza satmaqdansa, at bəsləsəniz daha yaxşı olar!» Onun bu təklifindən heyrətlənən Məhəmmədrza deyirdi: «Bu kişi əsl kəndli kimi siyasətin qaydalarını da bilmir».
    Mən görürdüm ki, Məhəmmədrza ilə Çauşeskunun düşüncə tərzi və baxışları arasında yerdən göyə qədər fərq var. Amma onu da sezirdim ki, Məhəmmədrza Çauşeskunu «kəndli» adlandırıb onun fikirləri ilə razılaşmasa da, qəlbində ona hörmət bəsləyir və onun qeyri-adi sözlərindən sonra düşüncələrə dalır.
    Rumıniyaya cavab səfərində biz dünyanın başqa yerlərindən fərqli bir ölkə ilə qarşılaşdıq. Mən o vaxta qədər Şərqi Avropa ölkələrinə getməmişdim. Bundan qabaq Fransa və İngiltərə kimi Qərb dövlətlərində olmuşdum, amma Rumıniyada başqa bir həyat tərzi hökm sürürdü: həyatın ahəngi çox aram idi. Paris və Londonun küçələrindən fərqli olaraq, insanlar ora-bura tələsmirdilər. Belə təəssürat yaranırdı ki, insanların əsəbləri daha sakitdir; onlar daha gümrah və daha gülərüz idilər. Qərbi Avropa şəhərlərindəki basabas və tıxaclardan burada əsər-əlamət yox idi. Səma daha mavi, ağaclar daha yaşıl görünürdülər.
    Mən bu təəssüratımı qızımla bölüşdüm. Fərəh dedi: «Səbəbi budur ki, Rumıniya və Şərqi Avropanın digər ölkələri sənayeləşmədən geri qalıblar. Bu ölkələrin iqtisadiyyatı hələ də əkinçilik və maldarlığa əsaslanır. Ona görə də ətraf mühit çirklənməyə məruz qalmayıb». Bu söhbəti eşidən Məhəmmədrza söylədi: «Sizə demirdim ki, bunlar kəndlidir?!»
    Buxarestdə Çauşesku bizi avtomobil zavoduna apardı. Bu zavodun istehsal etdiyi avtomobil çox kiçik idi və köhnəlmiş model sayıla bilərdi. Çauşesku bizim həmin avtomobilə həqarətlə baxdığımızı sezib dilləndi: «Bu avtomobilin başqalarından bir çox üstünlükləri var!» Və bizim təəccüb içində olduğumuzu görüb əlavə etdi: «Əsas üstünlüyü də budur ki, bütün hissələrini özümüz istehsal edirik, yəni tam milli məhsuldur!»
    Gecələr Buxarestin məhəllələrində növbə ilə işığı söndürürdülər. Hətta bizim şəhərdə olduğumuz müddətdə də elektrikin verilməsindəki fasilələr davam edirdi. Çauşesku bu barədə deyirdi: «Bizim elektrik stansiyalarını yanacaqla təmin etmək sahəsində imkanlarımız məhduddur, amma çalışırıq ki, öz imkanlarımızla kifayətlənək. Ona görə də işıqda bir neçə saat artıq yaşamaq xatirinə xaricilərdən borc almaq və müstəmləkəçilərdən asılı vəziyyətə düşmək istəmirik».
    Çauşesku Qərbi Avropa ölkələrinin əksəriyyətini də müstəmləkə sayır və deyirdi: «Qərb ölkələri də müstəmləkədir – yəhudi kapitalistlərinin və transmilli şirkətlərin müstəmləkəsi!» Ümumiyyətlə, Çauşesku Qərbə çox pessimistcəsinə yanaşır və belə hesab edirdi ki, Qərb əxlaqi meyarlardan və insani dəyərlərdən məhrumdur.
    Məhəmmədrza ilə Çauşesku arasında kəskin müzakirələr hətta iqamətgahımızın həyətində gəzişərkən də davam edirdi, amma bu, vaxtımızın xoş keçməsinə əsla mane olmurdu. Buxarestdə bizim şərəfimizə verilən ziyafət Londondakı Bukingem, yaxud Parisdəki Versal saraylarındakı ziyafətlər qədər təntənəli və dəbdəbəli deyildi, amma buradakı yeməklər daha ləziz idi. Rumın musiqisi də Qərb musiqisinə baxanda daha ürəyəyatımlı təsir bağışlayırdı. Əlbəttə, bu məsələlərdə bizim zövqlərimiz ayrı-ayrı idi. Mən əyalətdə doğulduğum və şahla Fərəhdən fərqli olaraq yeniyetməlik çağlarımı Avropada keçirmədiyim üçün zövq baxımından «kəndli» Çauşeskuya daha yaxın idim...
    Ümumiyyətlə, mən şah ailəsinin üzvü olduğum müddətdə heç vaxt özümü üçüncü təbəqədən olan, əri və uşaqları ilə birgə asudə və sadə həyat sürən hər hansı bir qadından daha xoşbəxt saymamışam. Rəsmi davranış normaları mənim üçün əsl problem idi və tədricən kürəkənim, qızım və nəvələrimlə münasibətlərim də etiketə çevrilmişdi – bu isə istər-istəməz ən dəruni hisslərin də rəngini itirməsinə səbəb olurdu...

    Çevirəni: Məsiağa Məhəmmədi

    (davamı olacaq)




    Şərhlər(0) Tərcümələr

     

  • baxış
    33

    ÖMRÜN MÜDRİKLİK ÇAĞI

    Yazar: Mesiha Tarix: İyul 24, 2008 11:47

    Bu günlərdə görkəmli mətnşünas-alim, filologiya elmləri doktoru, Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Tahir Əhməd oğlu Məhərrəmovun 85 yaşı tamam olur. Tahir müəllimin keşməkeşli və şərəfli ömür yolu elmə təmənnasız xidmətin parlaq nümunəsidir.

    T.Məhərrəmov 1916-cı il dekabrın 20-də Qazax mahalının Aşağı Əskipara kəndində anadan olmuşdur. Ilk təhsilini doğma kəndində alan T.Məhərrəmov Qazax Pedaqoji texnikumuna daxil olmuş, oranı bitirdikdən sonra rayonun Aşağı Əskipara və Tatlı kəndlərində müəllim işləmişdir.
    1940-cı ildə hərbi xidmətə çağrılan T.Məhərrəmov az sonra başlanmış Böyük Vətən müharibəsinin odundan-alovundan keçərək, Qələbə günunə qədər ordu sıralarında faşizmə qarşı döyüşmuşdür. Onun Ukrayna cəbhəsindən - Poltava, Kiyev, Rovno və Jitomirdən başlanan döyüş yolu Polşa və Macarıstandan keçərək, Almaniyada başa çatmışdır. Faşizmə qarşı mübarizədə göstərdiyi igidliyə görə o, "II dərəcəli Vətən müharibəsi" ordeni ilə təltif olunmuşdur.

    tahir_meherremov  

    1945-ci ildə ordudan tərxis olunduqdan sonra bir müddət Ağdaş rayon xalq maarifi şöbəsində çalışan T.Məhərrəmov 1946-cı ildə özünün çoxdankı arzusunu – ali təhsil almaq istəyini gerçəkləşdirmək üçün S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) şərqşünaslıq faküItəsinə daxil olur və 1951-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirlr.
    Bir neçə il Bakının Balaxanı və Zabrat kəndlərində fars dili müəllimi işləyir və nəhayət, elmə bitlb-tükənməyən marağı onu Azərbaycan Elmlər Akademiyasına gətirib çıxarır. 1958-ci ilin martında yenicə уaradı1mış Şərqşünaslıq İnstitutunda (o vaxtlar Yaxın və Orta Şərq xalqları İnstitutu adlanırdı) elmi fəaliyyətə başlayan T.Məhərrəmov həyatını bütünlüklə bu instituta bağlayır. 1964-cü ildə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyasını müdafiə edən T.Məhərrəmov uzun illər instltutun mətnşünaslıq şöbəsinə rəhbərlik etmişdir. Bu illər ərzində Tahir müəllimin qələmindən altı kitab, yüzə yaxın elmi məqalə çıxmışdır. Onun əsərləri təkcə Bakıda deyil, Moskvada, Daşkənddə, Tehranda, Tbilisidə, Dehlidə və Düşənbədə nəşr olunmuşdur. O, bir çox ümumittifaq və beynəlxalq elml məclislərdə Azərbaycan şərqşünaslığını ləyaqətlə təmsil etmişdir. Çoxillik səmərəli fəaliyyətinə görə o, keçmiş SSRİ-nin ən yüksək mükafatlarından biri olan "Şərəf nişanı" ordeni ilə, eləcə də bir sıra medallarla təltif olunmuşdur.
    T.Məhərrəmov əsası mərhum akademik Ə.Ə.Əlizadə tərəfindən qoyulmuş milli mətnşünaslıq məktəbinin görkəmli və aparıcı nümayəndələrindən biridir. Bəllidir ki, mətnşünaslıq, xüsusən Şərq əlyazmalarının mətnşünaslığı filologiyanın ən çətin və mürəkkəb sahələrindən biridir. Müxtəlif əlyazma nüsxələri əsasında elmi-tənqidi mətnlərin hazırlanması mətnşünasdan xüsusi istedad, geniş erudisiya və ən başlıcası, tükənməz zəhmətkeşlik tələb edir. 43 illik elmi fəaliyyətinin nəticələri T.Məhərrəmovun bu keyfiyyətləri özündə cəmləşdirdiyini sübuta yetirmişdir.
    Tahir müəllimin mətnşünaslıq fəaliyyəti onun nizamişünaslığa daimi elmi marağı ilə üzvi surətdə bağlıdır. Belə ki, onun həm namizədlik, həm də doktorluq dissertasiyası farsdilli poeziyada Nizami məktəbinin ən görkəmli nümayəndəsinin - böyük hind şairi Əmir Xosrov Dehləvinin yaradıcılığına həsr olunmuşdur. Eyni zamanda Tahir müəllim Əmir Xosrovun "Xəmsə"sinə daxil olan "Məcnun və Leyli" və "Mətləül-ənvar" poemalarının elmi-tənqidi mətnini hazırlamışdır. Moskvada "Nauka" nəşriyyatında böyük tirajla nəşr edilən bu mətnlər nəinki keçmiş SSRİ-də, eləcə də beynəlxalq aləmdə yüksək qiymət almışdır. Lakin Tahir müəllimin mətnşünaslıq fəaliyətinin zirvəsi, mənim fikrimcə, Nizaminin "Yeddi gözəl" poemasının elmi-tənqidi mətnidir. 14 əlyazma və iki çap nüsxəsi əsasında hazırlanmış bu mətn də 1987-ci ildə Moskvada nəşr edilmişdir. Bu işin necə böyük zəhmət tələb etdiyini mütəxəssislər yaxşı bilir, lakin mətnşünaslıqdan uzaq olan şəxslər də 16 mətnin misra-misra, sözbəsöz tutuşdurulmasının sadəcə texniki baxımdan nə demək olduğunu təsəvvür edə bilərlər. Məhz bu gərgin əməyi sayəsində Tahir müəllim “Həft peykər"in V.Dəstgirdi və Yan Ripka kimi ünlü alimlər tərəfindən nəşr оlunmuş mətnlərindən daha kamil bir mətninin ortaya qoyulmasına müvəffəq olmuşdur.
    1980-сi illərdən başlayaraq, T.Məhərrəmov Nizaminin daha bir görkəmli davamçısının - yaradıcılığı demək olar ki, öyrənilməmiş Əşrəf Marağayinin ədəbi irsinin tədqiqi ilə məşğul olmuşdur. Və mübaliğəsiz deyə bilərik ki, Tahir müəllim əslində Əşrəf Marağayini eim aləmi üçün kəşf etmişdir. Əşrəfin lirikasını və "Xəmsə"sini hərtərəfli öyrənən alim onun barəsində bir sıra məqalələrlə çıxış etmiş, həmçinin "Xəmsə"yə daxil olan beş poemanın elmi-tənqidi mətnlərini hazırlamışdır. Təəssüf ki, həmin mətnlər indiyə qədər çap olunub elmi ictimaiyyətə çatdırılmamışdır. Əşrəf yaradıcılığı ilə bağlı çoxillik axtarışlarının məhsulu olan "Əşrəf Marağayi (həyatı və yaradıcılığı)” adlı iri həcmli monoqrafiyası "Elm" nəşriyyatı tərəfindən çap edilmişdir. Monoqrafiyanın elmi redaktorlarından biri kimi mən əsərin çapa hazırlanması zamanı Tahir müəllimin şəxsiyyətinə daha yaxından bələd oldum, ən başlıcası isə onun yaşlı nəslin nümayəndələri üçün о qədər də xarakterik olmayan bir keyfiyyətinin – tənqidi fikrə dözümlü münasibətinin şahidi oldum. Talıir müəllimin elmdə bu məqama yetişməsinin əsas səbəblərindən biri də, məncə, həmin xüsusiyyət olmuşdur.
    T.Məhərrəmov təkcə klassik abidələrin tənqidi mətnlərinin hazırlanması sahəsində deyil, həm də onların dilimizə tərcüməsi istiqamətində xidmətlər göstərmişdir. O, Nasir Xosrov Ələvinin "Səfərnamə"si kimi mürəkkəb bir əsəri uğurla Azərbaycan dilinə çevirmiş və həmin əsər mərhum akademik Ziya Bünyadovun redaktəsi ilə 1997-ci ildə "Elm" nəşriyyatı tərəfindən çap edilmişdir.
    Yaşının ixtiyar çağına, səhhətindəki müəyyən problemlərə baxmayaraq, Tahir müəllim bu gün də rahat dayanmır, gənclik ehtirası ilə oxuyub-öyrənməyə, yazıb-yaratmağa çalışır. İnanırıq ki, ömrün zirvəsində də gənclik şövqünü saxlayan Tahir müəllim hələ uzun illər cavanlarla bir sırada addımlayacaq, öz dəyərli məsləhətləri ilə elmimizin inkişafına yardımçı olacaqdır.


    P.S. Bu yazı 2001-ci ildə qələmə alınmış və elə o zaman “Elm” qəzetində (25.12.2001) çap olunmuşdur. 2006-cı ildə 90 illiyi qeyd edilən Tahir Məhərrəmov Prezident təqaüdünə layiq görülmüşdür. Mən keçirdiyi insult nəticəsində fiziki durumu çox da yaxşı olmayan bu dözümlü və fədakar insana, cəfakeş və təvazökar alimə bir daha can sağlığı diləməyi özümə borc bilirəm. Tanrı yardımçınız olsun, Tahir müəllim!

    Məsiağa Məhəmmədi

    Şərhlər(0) Şəxsiyyətlər

     

  • baxış
    48

    Hamid Əhmədi. MƏCNUN

    Yazar: Mesiha Tarix: İyul 23, 2008 13:24

    (hekayə)

    Oğlan ayağın tormozdan götürüb soruşdu:
    - İyirmi altısıydı, ya iyirmi doqquzu?
    Qız gülümsədi:
    - Sən hər il bunu soruşursan…
    Doğrusu da, oğlan hər il bu zaman bunu soruşardı, nədənini heç biri bilmirdi.
    Qırmızı çırağın dalısında dayanmışdılar, hava tutulmuşdu. Oğlan qızla bu gün birlikdə eşiyə çıxmaq üçün gecə min müsibətlə maşını atasından istəmişdi. Gəlmişdilər səkkiz il qabağı yada salıb günlərin keçirsinlər.
    Çıraq yaşıl oldu. Oğlan maşını yola salıb dedi:
    - O duvarı da uçurdublar, yeri boş qalıb.
    Qız başını şüşədən çıxardıb, gözlərin yumub dedi:
    - Ürəyim sıxılır oranı görəndə, o duvar… – yel saçlarını oynadırdı, – o duvar bizim sevgimizə şahiddi.
    Başını içəri gətirib:
    - Yadında, yarım saat ikimiz dinməz-danışmaz oturmuşduq? – dedi.

    ashiq_meshuq 

    Hərdən bir maşın gəlir-gedir, bura bir xəlvət xiyavandır, iki tərəfi də söyüdlə kölgələnib, darıxmalı payız axşamı da olsa, özünə görə gəzməli yerdi, xəlvət, sakit.
    İki nəfər o başdan gəlir, payızın bu xəlvət xiyavanının yarpaqların ayaqlaya-ayaqlaya. Qız bir nimkət1 göstərir, ona sarı gedirlər. Bir tikə duvar nimkətin dalısında var, o əl-bu əli boşdu. «Bu duvar burada nə üçündü?» – ikisinin fikrindən keçir. Bir yarpaq yerə düşür, onlar oturub səssiz yerə baxırlar, biri-birinin başmaqlarına…

    Oğlan ayağın basır tormoza. Xəlvət xiyavan hələ də xəlvətdi (ancaq belə nəzərə gəlir). Bir yarpaq yerə düşür, ikisi də duvarla nimkətin boş yerinə baxırlar. Qız oğlanın əlindən yapışır:
    - Səkkiz il oldu – deyir.
    İki nəfər o başdan gəlir, bir oğlan, bir qız. Nəzərə gəlir halları xoşdu, payızın yarpaqlarını ayaqlaya-ayaqlaya burada dayanan iki nəfərə baxırlar. Oğlan qıza deyir (hansı oğlan hansı qıza, mən də bilmirəm):
    - Duvarın yeri gör nə boşdu…
    Qız fikrində deyir: «Mən burda doğulmuşam, göbəyimi burda kəsiblər, elə burda da basdırılmışam».
    Oğlan ağlayıb deyir:
    - Mənim anam da burda basdırılıb.
    Bir ağ paltarlı kişi onlara yaxınlaşır, oğlana sarı gəlir, əlin oğlanın çiyninə qoyub deyir:
    - Ağlama, hamı öləcək, sən indi Deep Depression mərhələsindəsən, darıxma…
    Sonra cibindən rəngli-rəngli həblər çıxardıb verir oğlana:
    - Bunları at, halın düzələr.
    Sonra millət yığışır bunların başına. O iki nəfər də gəlir, onlara oxşadıqlarından təəccüb eləyib ağlayırlar. Millət ağlayır… (Bəlkə də gülür).
    Xiyavan bala-bala şuluğlaşır, hər tərəfdən adamlar gəlir. «Görəsən, nə xəbərdi?» - qızla oğlanın fikrindən keçir.
    Kamera gətirirlər, duvarın yerinə duvara oxşar bir panel qoyurlar, bir nimkət.
    Hər yer adamdı, amma heç birindən səs çıxmır. (Səssiz ağlayıb-gülürlər, ağlaya-ağlaya gülürlər).
    Oğlan fikirləşir: «Görəsən, maşının qapısın bağadım? Maşına bir zad olsa, atam öldürər».
    Həmin kişi deyir:
    - Mən sənin atanam, qorxma, öldürməyəcəm səni…
    Söyüdlərdən projektor aslayırlar, hər yer işıq olur. Qız qorxudan oğlana yaxınlaşır, oğlan bağrına basır qızı.
    Millətin içindən bir nəfər mikrofon əlində eşiyə çıxır, elə çıxır deyəsən, millət bir-birinə yapışılmış bir şeydi, su kimi.
    İndi mikrofonlu kişi səsin alıb başına, amplifayerlər qulaqları yırtır.
    Sözlərin heç birini düşünmək olmur. Qız yavaşcadan:
    - Nə deyir? - soruşur.
    Səs kəsilir. Millət su kimi axır qanovlara, pox qoxusu dünyanı götürür, itir-batır, duvarı gətirənlər duvarı aparırlar, duvarın yeri yenə boş qalır, nimkətin də, projektorlar da söndürülür, mikrofonlu kişinin yerə düşmüş mikrofonu da götürülür.
    Qız qalır oğlanla və maşın və söyüdlər yarpaqların tökə-tökə.
    Qız fikrində soruşur: «Nə xəbər idi? Sən də mən görənləri gördün?»
    Oğlan bir siqar alışdırır. O biri oğlanın da siqarın alışdırır, yerə baxır.
    - Görəsən, bu adda xiyavan var heç? – soruşur.
    O biri oğlan soruşur:
    - Görəsən, biz doğruyuq, yoxsa yalan?
    Qız fikrində deyir: «Yox, bu adda xiyavan qalıb səkkiz il qabaq iyirmi altısında».
    Qız fikrində deyir: «Biz yalanıq, yalan…»
    Sonra soruşur:
    - İyirmi altısı idi, ya iyirmi doqquzu?...

     

    _______
    Nimkət – skamya


    Şərhlər(3) Başqa müəlliflərdən

     

  • baxış
    33

    Bu yaxınlarda işıq üzü görmüş "Sədi və Hafiz" adlı həcmcə çox da böyük olmayan kitabı gördükdə, alimlərimiz arasında müdrik Şərq ədəbiyyatına marağın davam etdiyini duydum və bu sahə ilə bağlı olan şəxs kimi fərəhləndim. Fərəhimin bir səbəbi də odur ki, kitabın müəllifi Şərq ədəbiyyatının istedadlı tədqiqatçısı, filologiya elmləri namizədi Məsiağa Məhəmmədidir. Başqa bir tərəfdən, dünya şöhrətli bu iki şəxsiyyətin həyatı və əsərlərinin öyrənilməsi ilə ölkəmizdə prof. Rüstəm Əliyev kimi istedadlı alim məşğul olmuş, Mirmehdi Seyidzadə və Əbülfəz Hüseyni onların qəzəllərini ustalıqla dilimizə tərcümə etmiş, şərqşünaslığımıza dəyərli töhfələr vermişlər. Onlardan sonra bu sahədə sanki bir boşluq görünməkdədir. Böyük liriklər Sədi və Hafizin sadə və sehrli sözlərində ifadə edilmiş didaktik və kamil məzmuna müraciət edən müəllif klassik bəşər ədəbiyyatının bugünkü dəyərini oxucularımıza açıqlamaqla faydalı iş görmüşdür. Kitabın redaktoru və ön sözün müəllifi Əlibala Hacızadə iki böyük sənətkar haqqında sözü özünə yaraşan obrazlı dildə belə başlayır: “Səkkiz əsrdən bəri dünyanın müxtəlif məmləkətlərində Şirazın iki bülbülünün sirli-sehrli nəğmələrinin əfsununa düşmüş insanlar – söz-sənət, elm mütəfəkkirləri о bülbüllər haqqında heyrət və təəccüblərini ifadə edən nəğmələr oxumuşlar, indi də oxuyurlar və gələcəkdə də oxuyacaqlar".  

    qedim_kitab 

    İki bölmədən ibarət olan kitabın birincl bölməsi "Sədi: həqiqət və gözəllik şairi" adlanır. Bu bölmədə müəllif Şeyx Sədi Şirazinin (1209-1291) həyatı haqqında nisbətən geniş məlumat verməyə çalışmış və onun əsərlərini fərqləndirən başlıca məqamları oxuculara çatdırmaq istəmişdir. Şairin həyatını onun dövrü və mühiti ilə bağlı şəkildə təqdim edən M.Məhəmmədi Sədinin təhsili, müəllimləri və ünsiyyətdə olduğu şəxslər haqqında məlumatları mötəbər qaynaqlardan götürmüşdür. O, özünə qədər şairin həyatına aid irəli sürülmüş mübahisəli fikirlərə də münasibətini bildirmişdir. Bunlara Sədinin doğum tarixi, "Bustan" və "Gülüstan"ın yazıldığı tarix, Şiraza qayıtmasına qədərki ədəbi fəaliyyətini misal gətirmək olar. Sədinin həyatı zəngin hadisələrlə doludur. Onun oxuyub öyrəndiyi mütəfəkkirlər Əbu Hamid Qəzzali (1058-1111), Şihabəddin Sührəvərdi (1145-1235), İbn əl-Cövzi və müasiri Cəlaləddin Rumidən (1207-1273) təsirlənməsi ilə bağlı irəli sürülmüş fikirlər bu kitabda inandırıcı dəlillərlə göstərilir.
    Kitabın müəllifi Sədinin həyatının daha bir səciyyəsini – onun səyahətlərdə olmasını da nisbətən ətraflı şəkildə işıqlandırır. Mütəfəkkir dəfələrlə Həcc ziyarətində, Suriya, Livan, Misir, Yəmən, Bagdad, Təbriz və Kiçik Asiyada olmuş, bu diyarlardakı şair, filosof, görkəmli din alimləri, ariflərlə və hökmdarlarla görüşmüşdür. Sədinin irsi haqqında çoxsaylı araşdırmalarla yaxşı tanış olan M.Məhəmmədi şairin əsərlərindəki başlıca məqamlara diqqət verməklə, onun əsərlərinə dair tədqiqatçı sözünü söyləməyi lazım bilmişdir. Belə hallarda o, mütəfəkkirin müdrik poeziyasından uyğun nümunələr gətirir və fikirlərini poetik misallarla əsaslandırır. Bu baxımdan Sədinin ədəbi dilin inkişafına göstərdiyi xidmət, saray ədəbiyyatında dəbdə olmuş qəsidənin poetik quruluşu və məzmununa gətirdiyi yenilik, qəzəli struktur və formal parametrlər baxımından yetkin bir janra çevirməsi, qəzəl beytləri arasında məntiqi əlaqəni yaratması kimi məsələlərdən ayrıca bəhs edilir. Müəlllf Sədi şeirinin canını təşkil edən didaktikanın fərqləndirici cizgilərini açır, onların özünəməxsusluğunu izah edir. Burada bəşəri didaktikanın təsəvvüf şeirindən daha üstün səciyyələri göstərilməklə, müasir dünyada onun əhəmiyyəti vurğulanır. Bu bölməni şairin fıkri ilə yekunlaşdıran müəllif yazır ki, Sədiyə görə, mənəvi dəyərlərin itirildiyi, əxlaq normalarının gözlənilmədiyi, Allah xofunun unudulduğu cəmiyyətdə nə yüksək iqtisadi rifah, nə ictimai qanunlar, nə də elmi və texnoloji tərəqqi insanları həqiqi xoşbəxtliyə qovuşdura bilməz.
    Kitabın ikinci bölməsi "Hafiz: sehrkar şair" başlığı ilə təqdim edilir. Bölmədə böyük lirik Şəmsəddin Məhəmməd Hafiz Şirazinin (1325-1390) həyatının başlıca məqamları və yaradıcılığının səciyyəsi verilir. Şairin həyat tarixçəsi Şirazda hökmranlıq etmiş Incu (1343-1353), Şah Şuca (1358-1383), Şah Zeynalabdin (1384-1387), Şah Mənsur (1387-1393) və Teymurlənglə bağlıdır. Onu Hindistana və Bağdada dəvət etsələr də, müdrik şair bu dəvətləri gerçəkləşdirə bilməmişdir.
    M.Məhəmmədi sehrkar qəzəllərin müəllifi haqqında düşüncələrini konkretləşdirib göstərir ki, "heyrətamiz dərəcədə geniş xarakterə və təfəkkürə malik olan, bir növ universal səciyyə daşıyan bu şəxsiyyət ayrı-ayrılıqda hər bir kəsə munis olmağı bacarmış, Hindistanda və İranda, Orta Asiyada və Qafqazda yaşamasından, dinindən, dilindən, sosial statusundan asılı olmayaraq hərə öz axtardığını onda tapa bilmişdir". Müəllif dünya şöhrətli sənətkarın bu keyfiyyətinin formalaşmasına səbəb olan amilləri nəzərdən keçirməklə şairin yaradıcılığını təhlil etmişdir.
    O, haqlı olaraq, klassik sənətkarların bədii irsinin qiymətləndirilməsində daha məqbul sayılan üsuldan istifadə etmişdir, yəni öyrənilən müəllifin əsərlərində həyatı və şeiri haqqında deyimlərə əsaslanmışdır. Bilindiyi kimi, Quranı əvvəldən axıra qədər əzbər bilən Hafiz "şeirinin ilahi bir vergi, qeybdən gələn bir səs, əzəli sözün təzahürü olduğunu" dəfələrlə vurğulamışdır. O, bu keyfiyyətə Quranın sayəsində nail olduğunu etiraf edir. Nəticədə Hafizin qəzəlləri adi poetik mətn çərçivəsindən çıxıb "sakral bir mahiyyət kəsb etmişdir" (M.Məhəmmədi). Ona görə də bu qəzəllərə şərhlər yazılmışdır. Kitabda bu məsələ ilə bağlı bir sıra nümunələr gətirilmiş və onların mənaları izah edilmişdir.
    Hafiz qəzəllərinin dili haqqında müəllifin mülahizələri özündən əvvəlki alimlərin (J.Lazar, Ə.Zərrinkub, Z.Səfa, M.Reysner və b.) fikirlərinə münasibət bildirilməklə irəli sürülmüş yeni və maraqlı mühakimələrin məhsuludur. Onun fikrincə, Cəlaləddin Ruminin "Məsnəvi"si regionda intellektuallar arasında yayılmışdısa, Şiraz bülbülünün şeirləri milyonlarla geniş kütlələrə məxsus idi, çünki onlar bir neçə istiqamətdə sintez prosesini həyata keçirərək ədəbi inkişafa yeni bir yön vermişdi. Özünün hesab etdiyi kimi "Allah vergisi"ni alan Haflz səmavi kitabla yanaşı sələflərinin və müasirlərinin yaradıcılığını da mükəmməl şəkildə mənimsəmişdi. Onun yaradıcılığında "aşiqanə və arifanə qəzəl növləri" bir-birinə qarışdı və qəzəlin mövzu dairəsi xeyli genişləndi. Qəzəlin beytlərinin müstəqilliyinə yer verdiyinə görə hələ öz dövründə tənqid olunmuş Hafiz bu əlaqəni assosiativ səviyyədə təmin etmiş və bunu divan boyu yerinə yetirmişdir. M.Məhəmmədi bu baxımdan məntiqi nəticə çıxarmaqla böyük şairin qəzəl yaradıcılığına tamamilə düzgün qiymət vermişdir: divan boyu “təkrarlanan motiv və obrazların çeşidli variasiyaları müxtəliflik və rəngarənglikdə birlik və eyniyyət yaradır”.
    Müəllif bu sintezi farsdilli poeziyada mövcud olmuş müxtəlif fikir cərəyanlarının və məktəblərinin sintezində görür: Xəyyamın rasionalizmi, Ruminin vəcd və coşqunluğu, Nizaminin psixologizmi, Sədi dilinin sadəliyi və axıcılığı Hafizin yaradıcılığında birləşmişdir.
    Məlum olduğu kimi, Hafizin poeziyasında mistika kosmoqonik məsələlərdə, Allah və insan, dünya və axirət kimi problemlərin həllində özünü göstərmişdir. Kitabın müəllifi bu məsələ ilə bağlı mühakimələrini ayrı-ayrı qəzəl nümunələri əsasında ümumiləşdirərək belə düşünür ki, şairin lirik qəhrəmanı bütün bəşər övladının adından çıxış edir, beləliklə, onun poeziyası müxtəlif xarakterə, dünyagörüşünə və həyat tərzinə malik insanların mənəvi tələblərinə cavab verir.
    Böyük sənətkar təsəvvüfün konseptual müddəalarını qəbul edərək onun bədii imkanlarını genişləndirməyə çalışmışdır. Müəllif Hafizin yaradıcılığı haqqında fikir söyləyəndə müqayisə metodundan istifadə edir. Onun təsəvvüf cizgilərini Füzuli şeirindəki təsəvvüflə və Şəms Təbrizi müdrikliyi ilə tutuşdurur. Bunun üçün başlıca dəlil Hafiz kimi Füzulinin də heç bir təriqətə mənsub olmamasıdır. M.Məhəmmədi Hafiz poeziyasındakı etiraz ruhunu duyaraq onun səciyyəsini verir və ədəbi təhlildə bir müddət mövcud olmuş standart yanaşmalardan uzaqlaşır. Onun fikrincə, şairin etirazı yalnız din xadimlərinə deyil, cəmiyyətdəki riyakar və saxtakar nüfuz və mənsəb sahiblərinə qarşı idi. Bu etirazda "gah kəskin rişxənd, gah yüngül istehza və kinayə" ehtiva edən bir gülüş vardır. Müqayisəyə əl atan müəllif bu gülüşü şairin müasiri Übeyd Zakaninin satirasından daha güclü təsir bağışlayan və "bəsirətdən doğan bir ironiya" adlandırır.
    M.Məhəmmədi Hafiz lirikasının estetik təsirini ümumiləşdirərək, onun dramatik və ziddiyyətli mənzərəyə, qəribə bir coşqunluq və sevinc, ümid və nikbinlik ruhuna malik olduğunu göstərir və narahat dünyamızda sevgi ilə yaşayan şairin qədrinin bilinməsini gərəkli sayır.
    Dünya poeziyasının əvəzsiz simalarından sayılan Sədi və Hafiz irsinin öyrənilməsinə bir töhfə olan M.Məhəmmədinin "Sədi və Hafiz" kitabı Azərbaycan şərqşünaslıq məktəbinin səmərəli işinin davam etdiyini göstərir və onun müəllifinin bizi yeni tədqiqatlar və kitablarla sevindirəcəyindən soraq verir.

    “Ədəbiyyat qəzeti”, 19 mart 2004-cü il

    Şərhlər(0) Haqqımda yazılanlar

     

  • baxış
    64

    Həmid Asəfi. ŞEİRLƏR

    Yazar: Mesiha Tarix: İyul 22, 2008 8:09

    YARPIZ

    Bizimki dünyanın
    köhnə roman kitabı deyil ki
    toz quramasında heydən gedə.
    Bizimki əllərimizdə
    qıpqırmızı tüfəng
    Gözü ac!
    İçi ölüm xorası!
    Bizimki
    dağ döşündə burnu pöhrəli
    yarpız.

    hemid_azefi 


    Xatırladığın hər şey
    böylə qorxulu,
    böylə mehriban
    Ah! Qurbanı olduğum,
    güllə əsir aramızdan
    və dağ başında tər yuxudan durub
    yersiz əsnəyir yarpız.


    EV

    Ah! Vətən hardan başlayır?
    Döğulduğum torpaq bəlli deyil,
    İlk öncə hardan tapdığım
    məmləkət deyilən itik də öylə.
    Belindən doğulduğum Tanrı bəlli.
    Anlamazcasına boynuma aldığım yük
    və bir də yol boyu peşmanlığım, dupduru!

    Vətən hardan başlayır, hardan?
    Hansı kişinin yurdu kor qalmasın deyə,
    yandırıldı bu boz-boyat ocaq?
    Və dilimizə bağlandı sərhədlərin ucu.
    Harda bayraq boyunduruğuna bağlandı boynumuz?

    Bir də yol boyu üzümə tüpürdü hamı
    Şeytan belə.

    Vətən hardan başlayır, hardan?
    Mındar qapıların yolçusu imişik biz
    və cındır özgə məmləkətlə həmyerli.
    Ovcumuzda yandı su
    onda ki dilimizdən qaçdı torpaq
    və unuduldu yer adamı olduğumuz.
    Acı badam olduğumuz.
    Və yol boyu yorğuncasına yıxıldım torpağa
    vətən dadı görmədim.
    Vətən hardan başlayır, hardan?

    ŞEYX ƏBÜLQASİM NƏBATİ

    Soyuq bir yatağın
    yad adamlarıdır sevgimiz.
    Aradakı töhmət,
    aradakı nifrət gərdəyindən keçən
    qarayaxmalar…

    Keçib bunlar,
    acıqlana-acıqlana keçib
    içimdən
    və ceyran-cüyürlü qəzəlləri
    qanına bələşdirib.

    Ax, Şeyx Nəbati, ax!
    Səri-kuyi-yarda
    qanına bələnməyir indi aşiqlər.
    Və sən nə qədər yazıqsan ki,
    hələ başında qalıb bunlar.
    Başında qalıb ol büti-pərivəş.
    Səni heç bir yataqda
    kiminsə qulağına pıçıldaya bilmirəm.
    Yarımçılıq soyuyuram
    və o
    yad adam kimi arxasını çevirir üzümə.
    Ax, Şeyx Əbülqasim Nəbati, ax!..


    Qaynaq (ərəb əlifbasında): http://www.mayak2.blogfa.com/  

     

     

    Şərhlər(3) Başqa müəlliflərdən

     

  • baxış
    40

    Henrix Böll. YAZMAQ RİSKİ

    Yazar: Mesiha Tarix: İyul 21, 2008 9:11

    Yeddi il bundan qabaq məşhur bir jurnalın baş redaktorunun yanına getmişdim. İstəyirdim əlyazmamın bir nüsxəsini ona verim. İçəri girməyə icazə aldıqdan sonra əlyazmanı (bu, bir hekayə idi) ona təqdim etdim. Amma o, heç yazının üzünə də baxmadı. Onu stolunun üzərində qalaqlanmış kağızların üstünə qoyub katibəsinə tapşırdı ki, mənim üçün bir fincan qəhvə gətirsin, özü isə bir stəkan su içib dedi:
    - Sizin əlyazmanı sonra oxuyacağam, ola bilsin bir-iki aya. Görürsünüz də, burada nə qədər yazı yığılıb. Amma lütfən, mənim bir sualıma cavab verin, çünki sizin həmkarlarınızdan heç biri (səhərdən onların yeddisi mənim yanımda olub) ona qənaətbəxş cavab verə bilməyib: nə üçün istedadlar bu qədər çox, (zarafat eləmirəm), mənim kimi idarəçilər isə bu qədər azdır? Mən nəşr etdiyim jurnalı sevirəm. Amma köhnə peşəmə qayıtmağa məcbur olsam, ölmərəm. Mən ülgüc istehsal edən bir fabrikdə reklam şöbəsinin müdiri idim, bununla yanaşı teatr tənqidi ilə məşğul olurdum, çünki ondan həzz alırdım. Bəs sizin bir peşəniz varmı? Nə işin sahibisiniz?

    henrix_boll 

    - Hazırda mən bir statistika idarəsinin işçisiyəm.
    - Və siz bu işə nifrət edir, onunla məşğul olmağı özünüzə təhqir sayırsınız, eləmi?
    Mən dedim:
    - Yox, mən öz işimə nifrət etmirəm və qətiyyən onunla məşğul olmağı özümə təhqir bilmirəm. Mən arvad-uşağımı onun sayəsində dolandırıram, hərçənd istədiyim kimi yox.
    - Amma buna baxmayaraq, siz bu zərurəti hiss edirsiniz ki, makinadan çıxmış əzik-üzük əlyazmalarla o yan-bu yana qaçasınız, yaxud onları poçtla göndərəsiniz. Və əgər onların hamısı geri qaytarılsa belə, siz yeni şeylər yazmaqda davam edəcəksiniz, deyilmi?
    «Bəli» - dedim.
    - Niyə bu işi görürsünüz? Cavabınızı yaxşı-yaxşı düşünün, çünki o, həm də mənim birinci sualıma cavab ola bilər.
    Bu sual heç vaxt mənə verilməmişdi və mən baş redaktor hekayəmi oxuduğu müddətdə onun üzərində düşündüm. Axırı dedim ki, başqa çarəm yoxdur. Baş redaktor gözünü yazıdan ayırdı. Qaşlarını dartıb dedi:
    - Bu, böyük bir sözdür. Mən bir dəfə onu eynən bir bank oğrusundan eşitmişəm. Məhkəmədə hakim ondan soruşdu ki, nə üçün bu oğurluğu planlaşdırıb və həyata keçirib. O da dedi ki, mənim başqa çarəm yox idi.
    Mən dilləndim:
    - Güman ki, o haqlı olub, amma mənim də haqlı olmadığıma bir dəlil yoxdur.
    Baş redaktor susdu və mənim hekayəmi axıracan oxudu. Hekayə dörd makina səhifəsindən ibarət idi və onu oxumaq üçün baş redaktora lazım olan on dəqiqə ərzində mən bu barədə düşündüm ki, görəsən, həmin suala daha yaxşı cavab varmı?! Amma başqa bir cavab tapa bilmədim. Qəhvəmi içib siqaret çəkdim. Çox istəyirdim ki, o, hekayəmi öz yanımda oxumasın. Hər halda, mən ikinci siqareti yandıranda, o, hekayəni bitirib dedi:
    - Sualıma verdiyiniz cavabdan xoşum gəldi, amma hekayənizi bəyənmədim. Başqa bir şeyiniz varmı?
    «Bəli» - söyləyib çantamdakı beş əlyazmadan daha qısa olan birini seçərək, ona verdim və dedim:
    - Siz bunu oxuyana qədər bayırda gözləmək istərdim.
    Baş redaktor dedi:
    - Yox, yaxşı olar ki, burada qalasınız.
    İkinci hekayə daha yığcam idi, cəmi üç makina səhifəsindən ibarətdi. Onun oxunması üçün yalnız bir siqaret çəkməyim lazım oldu. Nəhayət, baş redaktor dilləndi:
    - Bu hekayəniz yaxşıdır, hətta o qədər yaxşıdır ki, mən bunların ikisini də bir adamın yazdığına inana bilmirəm.
    Mən dedim:
    - Amma hər halda belədir, ikisini də mən yazmışam.
    O dedi:
    - Mən bunu dərk edə bilmirəm, çox da inandırıcı deyil. Birincisi, iddia ilə dolu və dini motivlərdən quraşdırılmış bayağı bir hekayədir, amma ikincisi (sizə yaltaqlanmağım üçün heç bir səbəb yoxdur), mənim fikrimcə, fövqəladə bir əsərdir. Lütfən, bunu izah edin.
    Mən izah edə bilmədim və bu günə qədər də ona bir izah tapa bilməmişəm. Əslində yazıçı, mənim nəzərimdə, həmən bank oğrusu ilə müqayisə olunmalıdır ki, hədsiz bir həyəcanla oğurluğu planlaşdırıb gecənin bir aləmi seyfi açır və bu zaman nə qədər pul, nə qədər cəvahirat əldə edəcəyini bilmir: o, hansı qəniməti ələ keçirəcəyini bilmədən özünü iyirmi illik həbs təhlükəsinə atır. Mənim fikrimcə, şair və yazıçı başladığı hər yeni əsərlə indiyə qədər yazdıqlarının hamısını qumara qoyur; bu zaman belə bir təhlükə mövcuddur ki, seyf boş olsun, özü ələ keçsin və bütün əvvəlki oğurluqlarının nəticəsi də araşdırılsın.
    Yəqin ki, hər bir yazıçının başlıca göstəricisi, onu başqalarından fərqləndirən əsas şey onun üslubu və imzası ilə birgə sənətkarlıq möhürüdür. Amma elə ki başqaları – oxucular və tənqidçilər – ona bu xüsusi əlaməti verdilər, son sınaq başlayır: belə ki, bundan sonra yazmaq həmişə «başqa çarəsi olmamaq» olmayıb açıq-aşkar təkrara çevrilə bilər, əlbəttə, ustalıqla edilən təkrara. Mahir oğrular və boksçular üçün hər yeni oğurluq və döyüş əvvəlkilərdən daha ağır və təhlükəli olduğu kimi (çünki artıq günahsızlıq bir dəfə itirilib və onun yerini ayıqlıq tutub), yazıçı üçün də belə olmalıdır və mən əminəm ki, yazıçılar birliyində üzvlüyünü möhürlə təsdiqləyən və yaradıcılıq fəaliyyətini əks etdirən sənəd kitabxanasında asılmış olsa da, çoxları üçün məhz belədir.
    Hər bir sənətkar üçün müxtəlif imkanlar mövcuddur, təkcə bir imkandan başqa: özünə istirahət vermək və «işimi qurtardım» söyləmək - o, bu böyük, insani, dəyərli və qibtə doğuran sözü tanımır. Ola bilər ki, o, həmişəlik, yaxud müəyyən müddət üçün öz sənətinin sonuna çatsın və bu həqiqəti qəbul etmək qərarını çıxarsın; bununla o, öz sənətkarlığına xitam vermiş olardı. Əlbəttə, mən bu təsəvvürü axıra çatdıra bilmirəm. Bir dəfə bir kitaba (təəssüf ki, unutduğum üçün onun müəllifinin adını çəkə bilməyəcəyəm) yazılmış tənqiddə oxumuşdum ki, bir az hamilə olmaq mümkün deyil və belə görünür ki, fərdin hansı peşəyə yiyələnməyi istəməsinə baxmayaraq, bir az sənətkar olmaq da mümkün deyil.
    «Başqa çarəsi olmamaq» böyük bir sözdür və mən indiyədək «nə üçün yazırsan?» sualına bundan yaxşı cavab tapmamışam: sənət yaşayış və onu qorumaq üçün azsaylı imkanlardan biridir – istər onu yaradanlar, istərsə də onu qəbul edənlər üçün. Doğum və ölüm, eləcə də onlar arasında baş verənlər nə qədər təkrarolunmazdırsa, sənət də bir o qədər təkrarsızdır. Əlbəttə, elə insanlar var ki, həyatlarını təkrarla yaşayırlar, amma onlar daha diri deyillər. Elə sənətkarlar və ustadlar var ki, təkrarçılara və mirzələrə çevrilmişlər, amma onlar (özləri və başqaları qarşısında cavabdehlik daşımadan) daha sənətkar olmaqdan əl çəkiblər. İnsan pis əsər yaradanda yox, hər cür təhlükədən qorxduğu anda sənətkar olmaqdan əl çəkir.

    1957-ci il

    Çevirəni: Məsiağa Məhəmmədi

    Şərhlər(0) Tərcümələr

     

  • baxış
    50

    İYULUN ƏN NİSGİLLİ GÜNÜ

    Yazar: Mesiha Tarix: İyul 12, 2008 7:10

    yaxud 

    DÖRD İL ƏVVƏL VƏ İNDİ

    "Torqovı" ilə addımladıqca... özümü çiynində dünyanın neçə batman yükü olan adam sanırdım. Atlant göy qübbəsinin altına çiynini verəndə ağırlıqdan dizəcən torpağa girmişdi. Bizim faciələrimizin ağırlığı göy qübbəsinin ağırlığından qat-qat çoxdur və bəlkə bu səbəbdən çiynini həmin ağırlığın altına verməyə bir azəri türkü tapılmır. Ki, bu ağırlığın altında dizinəcən yox, bütünlüklə batmaqdan qorxmasın. Sən, enlikürək, dizində təpər oğlan, nə vaxt doğulacaqsan axı?
    ... Başqasının tarixini nə qədər oxumaq olar? Onun-bunun keçmişinə nə qədər baxmaq olar?
    … Və çox köhnə, bir vaxtlar pantürkist şairə ünvanlanmış mənzum sualı ideoloji futlyardan çıxarıb milli müstəviyə salıram: bəs mənim ölkəmin varlığı hanı?"


    memmed_nazimoqlu

    Davamını BURADAN oxuyun

    Şərhlər(1) Gündəm

     

  • baxış
    91

    Hadi Qaraçay. ŞEİRLƏR

    Yazar: Mesiha Tarix: İyul 8, 2008 18:59

    BİR PARÇA ULDUZ

    Səssizliyi poza bilən bir səs axtardım
    Yalnızlığı poza bilən bir dost aradım
    Dünya
    Səssiz idi
    Kəndi qınında uyumuş.
    Və çöllərin ortasında
    Qəbir qazırdılar
    Bir-birinə insanlar.

    hadi_qarachay

    Ax, Tanrım,
    Mənim kölgəm dağlara düşər
    Dənizləri örtər,
    Misralarım od parçası
    Şeirlərimi Günəşə yazar
    Və hər bitmiş şeirim
    Dəmirçi kürəsindən isti
    Qaraçı çörəyindən dadlı olardı
    Tapardımsa
    Tapardımsa axtardığım əlləri.
    Dünya
    Yaman səssiz,
    İtkilər
    İtkin qalır qaranlığında həyatın.
    Və əllər
    Boşuna gəzir
    Boşluğunda havanın.
    Kimsə yox
    Kimsə yox
    Səssizlik içində
    Boğulur dünya səssiz və səssiz
    Mən kimsəsizəm,
    Dünya
    Məndən kimsəsiz.

    SƏHƏR SAAT BEŞDƏ

    Mənim
    Qollarımdakı dəmir qandaldan
    Sənin
    Uzuuun boynuna
    Qızıl boyunbağ yapsaydılar nə olurdu?
    Hər boyunbağ
    Sevgi bağlılığından bir nişanədir.
    Sənin, dodaqlarındakı acı gülüşdən
    Mənim xəlvətimə şirin m